Qus Hiddink yenə Azərbaycan yığması ilə görüşəcək?
11.05.2012 - 14:09
Qus Hiddink yenə Azərbaycan yığması ilə görüşəcək?
“Anji”nin baş məşqçisi Qus Hiddink yenidən Azərbaycan milli komandası ilə görüşə bilər. Apasport.az saytının məlumatına görə, 65 yaşlı hollandiyalı mütəxəssisin ardıcıl 3-cü seçmə mərhələdə millimizlə üzləşməyi gündəmə gəlib. Bu da Hiddinkin həmyerlisi Dik Advokatın gedişindən sonra yenidən Rusiya yığmasının çalışdırmaq variantı olmağı ilə bağlıdır.

Ancaq bu, təcrübəli çalışdırıcının eyni zamanda 2 yerdə, yəni “Anji”də də işini davam etdirmək halında mümkündür. Rusiya Futbol İttifaqı buna razılığını versə, onda Mahaçqala klubunun milyarder sahibi Süleyman Kərimov Hiddinkə iki yerdə işləməyə görə qonorar verməyə hazırdır. Rəqibimizin baş məşqçi postuna italyan Luçano Spaletti (“Zenit”), Nikolay Pisarev (Rusiyanın gənclər yığması) və Valeri Qazzayevin (“Alaniya”nın prezidenti) adı hallandırılır ki, bunlardan yalnız sonuncu Rusiya yığmasının baş məşqçisi olub.

Qeyd edək ki, Hiddink Rusiya və Türkiyə yığmalarının çalışdırıcısı kimi millimizlə üzləşib. Onun Bakıdakı səfərləri uğursuz olub. Çünki hollandiyalı ruslarla Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesablı bərabərliyə qalıbsa, türklərlə həmin məkanda uduzub – 0:1. Hiddink yığmamızla Moskvadakı oyunda 2:0, İstanbulda 1:0 hesablı qələbəni bayram edib.