Voleybol üzrə dünya çempionatı Bakıda keçirilə bilər
14.05.2012 - 11:23
Voleybol üzrə dünya çempionatı Bakıda keçirilə bilər
İtaliyanın paytaxtı Romada Beynəlxalq Dəmir Yolları İdman Təşkilatının (BDYİT) Baş Assambleyasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 3 gün davam edən tədbirdə Bakının “Lokomotiv” klubu quruma üzv seçilib.

Onlar BDYİT-a üzv ölkələrin siyahısında 24-cü olublar. Bundan əlavə, “Lokomotiv” 8 ölkənin yer aldığı Rəyasət Heyətinin də tam hüquqlu üzvü seçilib.

İclasda “dəmiryolçilar”ın qadın voleybolçular arasında “Çelenc Cup”da çempion olması yüksək qiymətləndirilib və bunu əsas gətirən BDYİT Azərbaycana 2 dünya çempionatına ev sahibliyi etməklə bağlı müraciət də ünvanlayıb. Belə ki, beynəlxalq təşkilat 2014 və 2015-ci illərdə voleybol, stolüstü tennis və bir neçə idman növü üzrə mundialları ölkəmizə etibar etməkdə problem olmayacağını açıqlayıb.

Lakin İtaliyadan nümayəndə heyətimiz yeni gəldiyindən hələ buna yekun cavab verməyib. Onlar tezliklə BDYİT-in təklifini müzakirə edəcəklər.

Tarixində ilk dəfə “Çelenc Cup”ı qazanan və Super Liqanın gümüş mükafatçısı “Lokomotiv” voleybol klubu yeni mövsümdə CEV kubokunda debüt edəcək.