Azərbaycana can atan məşqçi Türkiyə yığmasında
14.05.2012 - 20:38
Azərbaycana can atan məşqçi Türkiyə yığmasında
Qadın voleybolçulardan ibarət Türkiyə milli komandasına yeni məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın ehtiyat qüvvəsi kimi formalaşacaq 2-ci yığmanı Gökhan Edman çalışdıracaq.

Onun əsas işi dünya Qran-prisi və London-2012-də heyətə düşə biləcək voleybolçuları üzə çıxarmaq olacaq. Edmanın köməkçisinin adı isə yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, təcrübəli mütəxəssis 2010-cu ilin noyabrında Bakıda keçirilən beynəlxalq turnirdə “Qalatasaray”a rəhbərlik edirdi və apasport.az-a eksklüziv müsahibəsində Azərbaycanda işləməyi arzuladığını bildirmişdi: “Biz Azərbaycan voleybolunu çoxdan izləyirik. Faiq Qarayev Türkiyədə çalışarkən, mən onunla uzun müddət yığmada işləmişəm. Türklər Faiq Qarayevi çox sevirlər. Onun üçün Azərbaycan yığmasının və Super Liqasının oyunlarına marağımız böyükdür. Etiraf edim ki, biz voleybolunuzu Qarayevin sayəsində tanımışıq. Azərbaycanda hər zaman işləmək istəyərəm. Qardaş ölkədə çalışmaqdan xoşbəxt olaram. Hələlik belə təklif almamışam. Amma məni istəyərlərsə, mütləq gələrəm”.