Hollandiya yığmasının kapitanı Azərbaycanı seçməsinin səbəbini açıqladı
17.05.2012 - 09:45
Hollandiya yığmasının kapitanı Azərbaycanı seçməsinin səbəbini açıqladı
“Azərreyl”in yeni transferi Manon Flier karyerasını Azərbaycanda davam etdirməsinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Hollandiya yığmasının 28 yaşlı voleybolçusu vətəninə daha yaxın ölkədə çıxış etmək istəyib.

Manonun son olaraq, çıxış etdiyi Yaponiya Hollandiyadan xeyli uzaqda olduğu üçün Asiyadan Avropaya qayıtmağa qərar verib: “Mən daha bir il evimdən uzaqda oynamaq istəmirəm. Düzdür, Azərbaycan da Hollandiyaya yaxın deyil. Ancaq hər halda Yaponiyadan yaxındır”.

Hollandiya yığmasının kapitanının sözlərinə görə, “Azərreyl”in növbəti mövsümdə Çempionlar Liqasında çıxışın mümkünlüyü də seçiminə təsir edib: “Mənim keçidimdə “Azərreyl”in Avropanın ən möhtəşəm yarışı – Çempionlar Liqasında iştirakı da əsas rol oynadı. Həmin turnirdə bütün voleybolçular oynamaq istəyirlər. Buna görə də Azərbaycan klubunun təklifini yalnız maliyyə amilinə görə qəbul etmədim. Əgər mənim üçün pul əsas olsa idi, onda Rusiya klubunun təklifini qəbul edərdim”.

Qeyd edək ki, Yaponiyanın “Toray Arrous” komandasından gələn Manon Krasnodarın “Dinamo” klubunun da maraq dairəsində olub.