Əlvida, 7 gözəl!
17.05.2012 - 23:01
Əlvida, 7 gözəl!
“Rabitə” klubunun tərk edəcək voleybolçuların adları məlum olub. Apasport.az saytının xəbərinə görə, ötən mövsüm heyətdə yer alanlardan yeddisi növbəti birincilikdə Bakı təmsilçisinin şərəfini qorumayacaq.

Belə ki, son Azərbaycan və dünya çempionu ötənilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç (hamısı Serbiya), Dobriana Rabadjiyeva (Bolqarıstan), İrina Jukova (Ukrayna) ilə müqaviləni təzələdikdən, Aurea Kruz (Puerto-Rika), Madeleyne Montano (Kolumbiya), Katarzina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Suzana Sebiçlə (Serbiya) yeni anlaşma imzaladıqdan sonra heyətdəki voleybolçuların sayı 10-a çatıb. Bu isə o deməkdir ki, müqaviləsi uzadılmayan 7 voleybolçu yeni mövsümdən komandada olmayacaq.

Kapitan Natalya Məmmədova (Azərbaycan), aparıcı voleybolçu Kimberli Qlassla (ABŞ) yanaşı, Meri Spayser (ABŞ), Keti Radzuveyt (Almaniya), Yasna Maystroviç, Silviya Popoviç (hər ikisi Serbiya) və Nataşa Osmokroviçin (Xorvatiya) komandasını dəyişəcəyini söyləmək olar.

Çünki Azərbaycan çempionu bunların hansı biri ilə yollarını davam etdirmək istəsəydi, artıq onlarla müqaviləni təzələyərdi. Deməli, bu siyahıda yer alan voleybolçular yeni mövsümdən başqa klublarda oynayacaqlar.

Peşəkar klublar adətən 12 oyunçuya bel bağlayırlar və “Rabitə”də də artıq bunlardan 10-un adı dəqiqləşib. Digər ikisinin də yeni sima olacağını ehtimal etmək olar. Lakin bu “yeddilik”dən kiminsə 2 xoşbəxt arasında olması da istisna deyil.

Qeyd edək ki, komanda ilə yolları ayrılacaq voleybolçulardan Popoviç 3, Məmmədova və Qlass 2, Spayser, Maystroviç, Osmokroviç və Radzuveyt son 1 mövsümü “Rabitə”də oynayıblar.