Polşa yığmasının üzvü “Rabitə”ni seçməsinin səbəbini açıqladı
19.05.2012 - 11:38
Polşa yığmasının üzvü “Rabitə”ni  seçməsinin səbəbini açıqladı
“Rabitə”nin yeni transferi Katarzina Skorupa karyerasını Azərbaycanda davam etdirməsinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Polşa milli komandasının toppaylayıcısı Bakı klubunu seçməklə, Çempionlar Liqasının qalibi olmaq arzusundadır.

İtaliyanın “Urbino” komandasından transfer olunan 28 yaşlı Skorupa bildirib ki, onu A seriyasının “Villa Kortese”, “Foppapedretti”, Türkiyənin “Əczaçıbaşı” və Azərbaycanın “Azərreyl” klubları heyətində görmək istəsələr də, sonda “Rabitə”də oynamağa razılıq verib: “Mənim növbəti mövsüm üçün seçim imkanlarım geniş idi. Bunun üçün fikirləşdikdən sonra qərar verdim və dünya çempionlarını seçməklə irəliyə doğru addım atdım. “Rabitə” çox güclü və iddialı klubdur. Onların əsas məqsədləri də Çempionlar Liqasının qalibi olmaqdır”.

Qeyd edək ki, Azərbaycan və dünya çempionu “Rabitə” yeni mövsüm üçün Skorupa ilə yanaşı, ötənilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç (hamısı Serbiya), Dobriana Rabadjiyeva (Bolqarıstan), İrina Jukova (Ukrayna) ilə müqaviləni təzələyib, Aurea Kruz (Puerto-Rika), Madeleyne Montano (Kolumbiya), Foluke Akinradevo (ABŞ) və Suzana Sebiçlə (Serbiya) yeni anlaşma imzalayıb.