“Azərreyl”də daha 2 ulduz!?
19.05.2012 - 12:26
“Azərreyl”də daha 2 ulduz!?
Yeni mövsüm üçün güclü heyət formalaşdırmağı planlaşdıran “Azərreyl”in növbəti transferləri məlum olub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Amerika yığmasından Meqan Hodj, Hollandiya milli komandasından Manon Flier və Karolina Vensink kimi ulduzların ardından daha 2 voleybolçunun keçidini reallaşdırmağa yaxındırlar.

Belə ki, “Azərreyl” Hollandiya yığmasından Debbi Stamı da “gözaltı” edib. 200-dən artıq narıncı formanı geyinən voleybolçu son mövsümü Polşanın “Bank Fakro” klubunda keçirib. Yerli klublarla yanaşı, Rusiya ilə Türkiyədə legioner həyatı yaşayan 28 yaşlı oyunçunun tezliklə “dəmiryolçu” olması gözlənilir.

184 sm boya malik Stam Hollandiya (2005, 2006, 2007, 2008), Polşa (2011) çempionu olmaqla yanaşı, bu ölkələrinin kubokunun da qalibi olub. Türkiyə Superliqasının finalında oynayan və Rusiya kubokunu da qazanan Debbi yığması ilə Qran-prinin qızıl, Avropa çempionatının gümüş mükafatçısıdır.

“Azərreyl”in digər transferi isə Polşa yığmasının kapitanı, 1984-cü il təvəllüdlü Milena Radeckadır. O, zədə səbəbindən son mövsümü boşa versə də, 2010-cu ildən “Bank Fakro”nun heyətindədir. Yalnız Rumıniyada legioner həyatı yaşayan 178 sm boya malik oyunçu yeniyetmələr və gənclər arasında Avropa çempionu, böyüklər arasında qitə birinciliyini bürünc mükafatçısıdır. Radecka, həmçinin Polşa çempionatının, kubokunun və Superkubokunun qalibidir.