“Burda maaş çox yüksəkdir” - MÜSAHİBƏ
24.05.2012 - 12:54
“Burda maaş çox yüksəkdir” - MÜSAHİBƏ
Azərbaycan yığmasının və Gürcüstanın “Kutaisi-2010” klubunun basketbolçusu Zaur Paşayevin apasport.az saytına müsahibəsi

- Gürcüstanda çempionatının bürünc medalını qazandınız. Mövsümü və çıxışınızı necə dəyərləndirərdiniz?
- Yaxşı mövsüm keçirdik. Deyərdim ki, oyunum da yaxşı alındı. Burada çempionat çox gərgin keçir və hər qarşılaşma maraqlı alınır.

- Siz meydana daha çox sonradan çıxıb, əvəzlənirdiniz. Bu nə ilə bağlı idi? Bəlkə Gürcüstanda əcnəbilərə çox şans vermirlər?
- Elə də demək olar. Burada əsasən yerli oyunçulara üstünlük verilir. Bu səbəbdən də 20-25 dəqiqə meydanda olurdum.

- Gürcüstan çempionatında legioner çoxdur?
- Bəli, burada MBA-dan, Fransadan və digər güclü çempionatlardan gələn oyunçular var. Bu səbəbdən də əla komandalar formalaşıb. Həm də, ölkə prezidenti Mixail Saakaşvili Gürcüstanda reqbi və basketbolun daha da inkişafında maraqlıdır. Bu idman növünün də populyarlaşmasının səbəblərindən biri də budur.

- Çempionatın yarımfinalında həmişə qalib gəldiyiniz “Olimp”ə uduzmağınızın səbəbi nə idi?
- Düz deyirsiz, biz onlara uduzmamışdıq. Lakin finala gedən yolda nəsə məğlub olduq.

- Növbəti mövsümdə də Gürcüstanda qalmağı planlaşdırırsız?
- Bu barədə yekun qərarı sentyabrda verəcəyəm. Ancaq ya güclü kluba keçəcəyəm, ya da burada qalacağam.

- Ola bilərmi ki, yeni mövsümdən oraya Azərbaycan yığmasında kimisə aparasınız?
- Bu, yaxşı olar. Lakin gərək onların klubları bunu istəyələr ki, mən də bunu deyəm. Düzdür, burada Aleksandr Rındinın xidmətində maraqlı idilər. Lakin həmin vaxt artıq Saşa Rusiya təmsilçisi ilə anlaşmışdı və onlarla müqaviləsi vardı. Bunun üçün də keçidi alınmadı.

- Bəlkə, özünüz onlara təklif edəsiz...
- Komandada buna ehtiyac olanda deyirəm. Məsələn, orada 5-ci mövqeyə oyunçu axtarılanda, Rındini mən dedim. Yəqin ki, onunla yığmanın təlim-məşq toplanışında da bu barədə danışacağıq.

- Azərbaycanda çempionatın səviyyəsi ilə yanaşı, klubların da maddi imkanları heç də yaxşı deyil. Əgər sirr deyilsə, orada necədir?
- Burda maaş çox yüksəkdir. 20-25 min dollar alan basketbolçular var. Ən aşağı əmək haqqı isə haradasa 4-5 mindən başlayır. Şəraitləri də əladır, rəqabət güclüdür.

- Onda yəqin ki, bürünc mükafat qazanmağınızla bağlı “Kutaisi-2010” rəhbərliyi sizə yaxşı mükafat verər...
- Yox, hələ bu almamışıq. Amma çox güman, olacaq.

- Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsız?
- Superkubok matçından sonra. Biz kubokda uduzduğumuz “Armiya” ilə bu dəfə daha 1 titul üçün qarşılaşacağıq. Oyun ya mayın 28-də, ya da 30-da olacaq. Bundan sonra vətənə dönəcəm. Bir qədər istirahətdən sonra isə millinin təlim-məşq toplanışı başlayacaq.