“Azərbaycanın digər klubu da mənə elçi düşmüşdü”
25.05.2012 - 15:10
“Azərbaycanın digər klubu da mənə elçi düşmüşdü”
“Düzdür, hələ rəsmi müqaviləyə imza atmamışam. Amma buna baxmayaraq, artıq “Azərreyl”in voleybolçusuyam”. Apasport.az saytının məlumatına görə, bunu Polşa yığmasının kapitanı Milena Radeçka deyib.

Bakı təmsilçisini seçməsinə münasibət bildirən 28 yaşlı voleybolçunun sözlərinə görə, bütün məsələlərdə anlaşma olsa da, Polşanın “Bank Fakro” klubu ilə müqaviləsi davam etdiyindən müqaviləyə imza ata bilmir: “Sabiq klubumla müqaviləm iyununun sonunda başa çatacaq. Məhz bu tarix yekunlaşdıqdan sonra hər şey rəsmiləşəcək”.

Azərbaycan Super Liqasını çox güclü sayan Radeçka burada Polşada birgə oynadıqları - Karolina Vensink və Debbi Stamla yenidən eyni komandanın şərəfini qorumalarını yaxşı hal adlandırıb: “Azərbaycan çempionatı dünyanın ən güclü liqalardan biridir. Bakı klublarında təşkilatçılıq çox yaxşı səviyyədədir, elə bu da super ulduzları cəlb edir. Orada da Karalina və Debbi ilə birlikdə oynamağım isə bizim üçün üstünlükdür. Çünki bir-birimizə uyğunlaşmaq üçün bizə vaxt lazım olmayacaq. Bütün bunlardan başqa baş məşqçimiz Alessandro Çiappininin bacarığına böyük dəyər verirəm”.

O, digər Azərbaycan klubundan da təklif aldığını etiraf edib: “Mənə təkliflər həddən artıq idi. Elə Azərbaycanın digər klubu da mənə elçi düşmüşdü. Həmçinin, İtaliya, Rusiya və Türkiyədən də mənə təkliflər gəlmişdi”.