Valeriya Korotenko: Milli pis vəziyyətdədi - MÜSAHİBƏ
28.05.2012 - 10:38
Valeriya Korotenko: Milli pis vəziyyətdədi - MÜSAHİBƏ
Voleybol üzrə qadın milli komandamızı onsuz təsəvvür etmək olmur. Çünki vəziyyət ümidsiz olduğu zamanlarda da birdən-birə balacaboy liberomuz səhnəyə çıxır və komanda yoldaşlarını ruhlandıran qurtuluşlar edir. Heçə vaxtdı "Azərreyl"də də belə idi. Amma deyəsən, artıq onun paytaxt klubu ilə yollarının ayrılmasına çox qalmayıb. Hər halda 28 yaşlı voleybolçu gözlədiyi təklifi bu günə kimi almayıb (Sport Ekspress). Ancaq gəlin əvvəlcə bakılı qızın idmana gəldiyi yola öz sözləri ilə bir nəzər salaq.

- Mən voleybolla 1993-cü ildən məşqul olmağa başlamışım. Özüm də bilmədən elə bil hansısa bir qüvvə məni voleybol oynamağa çəkirdi. Düzdü, getdiyim zalda başqa idman növləri üzrə qruplar da fəaliyyət göstərirdi. Ancaq voleybol daha çox xoşuma gəldiyi üçün bu növü seçdim. Onda 3-cü sinifdə oxuyurdum, cəmi 8 yaşındaydım. Çox nadinc və emosional uşaq idim.

- Ailənizdə voleybolla əlaqəsi olan bir kimsə vardımı?
- Bizim ailədə voleybolçu olmayıb. Valideynlərimdən biri müəllim, digərisə dənizçi olub. Sadəcə, məktəbdə voleybol oynamağım məndə bu idman növünə böyük maraq yaratdı. Həmin maraq məni indi gördüyünüz səviyyə gətirib.

- Voleybolu seçməyinə görə peşman deyilsən?
- Təbii ki, yox. Düzü, oxumağı sevmirdim. Hətta məktəbə getmək belə istəmirdim. Yaxşı ki, elə meylimi idmana saldım.

- Başa çatan 2011/12-ci illər mövsümü sənin üçün nə ilə yadda qaldı?
- Geridə qalan mövsüm ərzində maraqlı oyunlarımız olub. Həmin oyunlar arasında isə ən əsası Çempionlar Liqasının 1/4 final mərhələsində Kazan "Dinamo"su və İtaliyanın "Berqamo" klubu ilə matçlardı. O ki qaldı mövsümün mənə nə verməsinə, onu deyə bilərəm ki, müxtəlif səviyyəli komandalara qarşı oyunlarla təcrübəmi daha da artıra bildim.

- Vaxtilə Azərbaycanın yeganə peşəkar voleybol klubu olan "Azərreyl" ötən mövsüm zəif çıxış etdi. Hətta özündən illər sonra yaranmış klublarla birgə mübarizə apardığı finallarda sonuncu yeri tutdu.
- Uğursuzluğun səbəbini deməyə çətinlik çəkirəm. Ancaq onu bilirəm ki, hansısa bir komanda bütün zamanlarda yüksək səviyyədə çıxış edə bilməz. Bu gün ön sırada olan komanda sabah aşağı düşə bilər. Düzdü, biz də yaxşı oyun göstərməyə, yüksək yerlər tutmağa can atırıq. Ancaq həmişə alınmır. Axı, biz də insanıq, robot deyilik. "Azərreyl"in mövsümü zəif başa vurmasında yəqin ki, oyunçular arasında zədələnmələrin çoxluğu da əsas rol oynayıb. Məncə, elə ən böyük problem də budu.

- "Azərreyl"in superliqada 5-ci olmasında məşqçi faktorunun rolunu necə dəyərləndirmək olar? Təcrübəli məşqçi Faiq Qarayevin superliqa oyunlarında kənarda qalması və bu işi gənc Vüqar Əliyevin aparmasının nə kimi rolu ola bilərdi?
- Qarayev həqiqətən də çox təcrübəli mütəxəssisdi. O yaxşı məşqçi olmaqla yanaşı, həm də yaxşı psixoloq, pedaqoq və təşkilatçıdı. O, komandanın düşdüyü vəziyyətdən çıxararaq, özünün istədiyi vəziyyətə gətirə bilir. Amma Əliyevdə bu kimi keyfiyyətlər çox azdı. Bütün bunlarla yanaşı, oyunçularımızın bəziləri hətta Vüqarla həmyaşıd idi. Belə olanda isə məşqçi öz yaşıdlarına lazımi göstərişi verə bilmir.

- Superliqanın yekunlarına görə, 9 müxtəlif nominasiya üzrə ən yaxşı voleybolçular seçildi. Sənin ampluanda isə bu ada Mariya Flippova (Lokomotiv) layiq görüldü. Sən öz ampluanda yalnız 5-ci oldun. Bu seçimlə razısanmı?
- Düşünürəm ki, seçim ədalətli olub. Əvvəla ona görə ki, mövsümün əvvəlində üzərimdə cərrahiyə əməliyyatı aparıldı. Daha sonra isə mövsümü elə kiçik zədələrlə keçirməli oldum. Dizimdən aldığımı zədəyə görə isə hətta superliqanın final mərhələsində bir çox oyunda meydana çıxmadım. Təbii ki, mövsümlər bir-birinə bənzəmir. Əgər bu mövsüm belə oldusa, Allah qoysa, gələn mövsüm öz ampluamda ən yaxşı olmağa çalışacam.

- "Azərreyl" ötən mövsüm səninlə eyni mövqedə çıxış etmiş taylandı Piyonut Pannoyun xidmətindən imtina edib, italiyalı Paola Kardullonu düşərgəyə gətirdi. Bu dəyişiklik sənin əsas heyətdən kənarda qalmağına səbəb olmayacaq?
- Sualın cavabını Kardullo haqqında bildiklərimlə vermək istəyirəm. Mənim eşitdiyimə görə, onun "Azərreyl"ə gəlməsi haqda gəzən söhbətlər heç də dəqiq informasiya deyil. Məncə, o, Azərbaycana gəlməkdən imtina edib. Dediyinə görə, ona xaricdə yaşamaq çətindi. Pannoya gəlincə, o, gözəl insan olmaqla yanaşı, həm də yaxşı voleybolçudu. Həqiqətən də bir oyunçu kimi xoşuma gəlirdi.

- Gələn mövsüm "Azərreyl"i italiyalı mütəxəssis Alessandro Çiappini idarə edəcək. Əsas heyətdə qalmaq üçün onunla dil tapa biləcəksən?
- Düzdü, onu yaxşı tanımıram. Ancaq eşitdiyimə görə, yaxşı mütəxəssisdi. Yəqin ki, onun da özünəməxsus prinsipi, oyun sistemi və taktikası var. Hər halda yeni işinə başlayanda öz sistemini ortaya qoyacaq. Bildiyiniz kimi, kluba bir neçə legioner oyunçu da cəlb edilib. Hesab edirəm ki, Çiappinin rəhbərliyi altında gələn mövsüm çox şeyə nail ola biləcəyik.

- Deyəsən, artıq qalmağa qərar vermisən...
- Hazırda bir neçə xarici, eləcə də Azərbaycan klublarından təklif almışam və indi onları nəzərdən keçirirəm. Hələlik bu klublardan hansında oynamağa üstünlük verəcəyimi deyə bilmərəm.

- Sən həm də yığma üzvüsən.
- Hazırda yığmanın vəziyyəti heç də ürəkaçan deyil. Komanda pis vəziyyətdədir. Əvvəlcə Oksana Parxomenko, ardından Polina Rəhimova zədələndi. İndisə Kseniya Kovalenkonun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Natalya Məmmədovanın isə çiynində problemi var. Onun vəziyyətinin necə olacağı da sual altındadı. Belə çıxır ki, yığmada əsas oyunçulardan ancaq mənimlə Yelena Parxomenko qalır. Belədə gənclərin əsas heyətə qatılması ehtimalı var. Bildiyiniz ki, qarşıda yığmamızı AÇ-2013-ün seçmə qrup oyunları gözləyir. Mənə elə gəlir ki, elə bu heyətlə də qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilərik. Çünki mübarizə aparacağımız qrupda yeganə güclü rəqibimiz Belarus yığmasıdı. Qrup oyunlarının birinci dövrəsi Finlandiyada, ikinci dövrəsi isə Bakıda keçiriləcək. Uşaqlar yaxşı çalışsalar, bu baryeri aşa bilərik.

- Yəqin ki, səni hələ uzun müddət meydanlarda görəcəyik...
- Bu suala cavab vermək bir qədər çətindi. Çünki karyeranı davam etdirməyin də, etdirməməyin də müəyyən səbəbləri var. İlk öncə bu mənim sağlamlığımdan və düşdüyüm vəziyyətdən asılı ola bilər. Artıq ailəliyəm və bütün analar kimi dünyaya uşaq gətirmək istəyim var. Hər halda Allah özü mənə nə qədər imkan verərsə, o qədər də oynayacam.

- Bəs voleybolçu karyeranı bitirdikdən sonra nə işlə məşğul olmaq fikrin var?
- Hələ bu haqda danışmaq tez və çətindi. Çünki karyeramı bitirmək haqda fikirləşməmişəm. Ancaq ola bilər ki, karyeramı bitirdikdən sonra təhsilimi və peşəmi dəyişəm.

- Əlavə təhsil almağa ehtiyac varmı?
- Bədən Tərbiyəsi və İdman Akademiyasının bitirmişəm. Ancaq düşünürəm ki, indiki zamanda oxumaq və peşəni dəyişmək heç də problem deyil.

- Həyat yoldaşın da idman adamıdı?
- Nicat Məmmədov da idmançıdı, vaxtı ilə cüdo güləşi ilə məşğul olub.

- O, sənə bu sahədə dəstək olurmu?
- Açığı, yoldaşım idmançı olmaqla yanaşı, həm də çox diqqətəlayiq və alicənab bir insandı. O, özü də idmançı olduğu üçün məni yaxşı anlayır və həmişə də dəstək olur. Düzdü, hazırda işlə bağlı Azərbaycanda deyil. Keçmişin idmançısı olduğu üçün mühafizədə çalışır. Onun yaxında olmaması bir qədər çətinlik yaradır, amma buna baxmayaraq, mənə hər sahədə yardımçı ola bilir. Yoldaşım hətta ən çətin oyunlarda belə mənə psixoloji dəstək verib.

- Son illər Azərbaycan superliqasını səviyyəsinə görə Avropanın ən güclü çempionatları ilə müqayisə edirlər. Səncə, bu, doğrudanmı belədi?
- Bəli. Superliqanın səviyyəsi ildən ilə daha da yüksəlir. Amma çempionatımızın belə yüksəlməsi ilə yanaşı, bəzi mənfi cəhətlər də mövcuddu. Bu isə yerli gənc voleybolçuların klublardan kənarda qalmasıdı ki, əziyyətini yığma çəkir. Təsəvvür edin ki, güclü klublarla ən yüksək halda Çempionlar Liqasını udmaq olar. Ancaq güclü yığma ilə dünya və Avropa çempionatında və Olimpiadada sevinə bilərsən. Buna görə də yığmanın gələcəyini düşünmək daha yaxşı olardı. Hesab edirəm ki, rəhbərlik artıq bu haqda düşünməli yox, qəti qərar verməlidi. Klublarda legionerlə bağlı limit tətbiq edilməli və yerli voleybolçuların klublarda oynamasına şərait yaradılmalıdı. Yalnız belə olarsa, yığma inkişaf edə bilər. Baxın, qonşu Türkiyədə voleybol necə inkişaf edir. Onlarda hər klubda yalnız 2 legionerin oynamasına icazə verilir. Qalan oyunçular hamısı yerlilərdi. Həticəsi də budu ki, Türkiyə millisi yaxınlarda İstanbulda keçirilən Avropa olimpiya təsnifatlı turnirin qalibi olaraq, London Olimpiadasında iştirak etmək imkanı əldə etdi. Türkiyəli qızlar çox yaxşı oynayırlar. Mən istəyirəm ki, bizim ölkəmizdə də belə olsun. Qoy klublarımızda çıxış edən voleybolçuların çoxu yerlilər olsun. Yalnız belə olduqda 3-4 ildən sonra hər şey istənilən kimi ola bilər.

- İndi superliqada çıxış edən klubların hamısının demək olar ki, yerli voleybolçulardan təşkil edilən əvəzedici heyətləri var və onlar öz aralarında yarışırlar. Bu voleybolumuzun inkişafına kömək deyilmi?
- Təbii ki, bu da gələcək inkişafın bir yoludu. Ancaq həmin qızların bu gün daha təcrübəli ulduz voleybolçularla çiyin-çiyinə çıxış etmələri daha yaxşı olardı. Onda voleybolçular daha tez və yaxşı inkişaf yolu keçərlər. Çünki həmin yerli qızlar özlərinə komanda yoldaşı bildikləri ulduzlardan çox şey öyrənərlər. Təəssüf ki, bizim superliqada çıxış edən klubların əksəriyəti heyətə 12 legioner yığıb, bir nəfər də olsun yerli oyunçuya yer vermir. Bu barədə ciddi düşünmək gərəkdi. Yoxsa Azərbaycanda voleybol inkişaf etməyəcək.

- Oyunçular hamısı tətilə buraxılıb. Tətilini harada keçirmək istəyirsən?
- Elə bir planım yoxdur. Gördüyünüz kimi, tətili Bakıda keçirirəm. Düzdü, arada ailə üzvlərimlə birlikdə qohumlara baş çəkmək məqsədiylə bir neçə rayona səfər etmişik. Ancaq yoldaşımın hazırda burada olmaması mənə başqa ölkələrə səyahət etməyə imkan vermir. Çox istərdim ki, indi yoldaşım da burada olsun və onunla birlikdə harasa səyahət edim. Açığı, Sinqapura getmək istəyirdik. Təəssüf ki, yoldaşımın işi ilə əlaqədar olaraq, bu planımız baş tutmadı. Sadəcə, bu regionu görmək istəyim vardı.

- Yaxınlarda srort.com portalı dünyanın ən gözəl 40 voleybolçusunun adını açıqlayıb. Həmin siyahıda sən 14-cü pillədə yer almısan.
- Bu seçimi nəyə əsasən etdiklərindən xəbərim yoxdu. Hər halda həmin siyahıda adımı görməkdən çox məmnun oldum. Həmin siyahıda Natalya Məmmədova da 38-ci idi.

- Valeriya meydandan kənarda olanda əsas vaxtını nəyə sərf edir?
- Səmimi deyim ki, elə də çox vaxtım olmur. Əsasən günümü zalda voleybol oynamaqla keçirirəm, qalan vaxtı isə evdə oluram.

- Tanıdığın voleybolçular arasında dostluq etdiklərin varmı?
- Təbii ki. Həm "Azərryel"də, həm digər klublarımızda, həm də Türkiyədə voleybolçu rəfiqələrim var ki, müntəzəm olaraq, onlarla əlaqə saxlayıram.

- Övladının da idmançı olmağını istərdinmi?
- Əlbəttə. Gələcək övladımın da yaxşı idmançı olmasını istərdim. Açığı, onun oğlan olmasını arzulayıram. Əgər belə olarsa, onda onun ölkəmizdə daha yaxşı inkişaf etmiş idman növləriylə, əsasən də ya cüdo, ya da güləşlə məşğul olmasına çalışaram.