“Azərbaycanda futbola və ya voleybola baxın”
29.05.2012 - 12:33
“Azərbaycanda futbola və ya voleybola baxın”
Azərbaycan Basketbol Federasiyası ölkəmizin Avropa Kuboklarından birində təmsil olunması üçün sponsor axtarışlarına start verib. Bu barədə apasport.az saytına qurumun baş meneceri Ləvənt Türknas məlumat verib.

Onun sözlərinə görə, federasiya yığmanın üzvlərindən bir komanda yaradıb avrokuboka yollamaq istəsə də, maliyyə səbəbindən bunu edə bilmir: “Azərbaycan sonuncu dəfə 5 il öncə avrokuboklarda təmsil olunub. Lakin bu illərdə ölkə çempionatı keçirilsə də, hələlik heç bir klub beynəlxalq yarışlara qatılmayıb. Biz bunu bu il reallaşdırmaq istəyirik. Düzdür, hələ müraciət etdiyimiz yerlər bizə dəstək olmaq istəməyiblər. Lakin axtarışlarımızı davam etdiririk. Sifariş vermək üçün təxminən 2 ay vaxtımız var”.

Türknas bildirib ki, əgər arzuları reallaşsa basketbol Azərbaycanda daha da populyarlaşacaq: “Təbii ki, biz klub yaradarkən buraya 4-5 legioner də gətirməyi planlaşdırırıq. Bu, Azərbaycan basketbolunun inkişafına yol açacaq. Həm də azarkeşlər onların ifasında gözəl oyuna şahidlik edəcəklər. Lakin bunlar hamısı sponsor tapılacağı halda gerçəkləşə bilər. Məsələn, Azərbaycanda futbola və ya voleybola baxın. Bu idman növləri 4 və 5 klubla Avropaya gedirlər. Bunun üçün də onlara maraq artır”.

Qeyd edək ki, son Azərbaycan çempionatının qalibi “Qala” olub. Lakin sponsor tapılarsa, klub Avropaya başqa adla da gedə bilər.