Foqts Andorra yığması ilə oyuna start heyətini açıqladı
29.05.2012 - 19:22
Foqts Andorra yığması ilə oyuna start heyətini açıqladı
Azərbaycan milli komandasının Andorra yığması ilə sabahkı yoldaşlıq görüşünə start heyətini müəyyənləşib. Apasport.az saytının Frankfurta ezam olunmuş əməkdaşının məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlərə ilk dəqiqələrdən meydana buraxacaq 11 oyunçunun adını açıqlayıb: “Oyuna qapıda Kamran Ağayevlə başlayacağam. Müdafiədə Mahir Şükürov, Elnur Allahverdiyev, Ruslan Abışov, Ufuk Budak oynayacaq. Yarımmüdafiədə Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Vüqar Nadirov, Elvin Məmmədov, Rizvan Umarov, hücumda Rauf Əliyev çıxış edəcək. Rizvan İspaniyanın “Elçe” klubunda 5 oyunda 5 qol vurub. Matça demək olar 4 hücumameyli oyunçu ilə başlayacağıq”.

Foqts zədəli futbolçular haqda da məlumat verib: “Cihan Özkaranı da oynatmaq istərdim. Ancaq təəssüf ki, yüngül zədələnib. Ümid edirəm ki, onu sabah 2-ci hissədə də olsa meydanda görəcəyəm. Maksim Medvedevin isə bir az qızdırması var. Mən riskə getmək fikrində deyiləm və, sağalmamış futbolçunu heç vaxt meydana buraxmaram. Buna görə də onları sağaltmağa çalışan həkimlərin qərarını gözləyirəm”.

Mehman SÜLEYMANOV
Frankfurt