“Azərreyl”in yeni transferi: Çox məyus deyiləm
31.05.2012 - 14:34
“Azərreyl”in yeni transferi: Çox məyus deyiləm
“Daim səfərlərdə olduğum üçün son illərdə normal istirahət etmək üçün vaxtım olmayıb. Bu səbəbdən biz Olimpiadaya düşmək şansını itirdikdən sonra bir müddət yorğunluğumu çıxarmağı qərara aldım”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in yeni transferi Manon Flier deyib.

Hollandiya millisinin voleybolçusu Azərbaycana yorğunluğunu çıxararaq, gəlmək arzusundadır. O, bunun üçün rəfiqələrinin oynadığı çimərlik voleybolu üzrə Avropa çempionatının keçirildiyi Haaqa şəhərinə gəlib.

Burada Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlama verən 28 yaşlı voleybolçu Türkiyədə az öncə başa çatan Olimpiya Təsnifat Turnirin final mərhələsində çıxışlarına da münasibət bildirib: “Biz Ankaraya öz ən yaxşı oyunumuzu göstərməyə gəlmişdik. Mən oyunumuzdan bir o qədər də məyus olmamışam. Lakin nəticədən narazıyam”.

Artıq Olimpiadaya yollana bilməyəcək Flier son 4 ayda oynadığı Yaponiyada yaxşı təcrübə topladığını deyib: “Lakin eyni zamanda orada çıxış etmək mənə asan deyildi. Mən daim tək olurdum, komandanın heyətində yeganə legioner idim. Buna baxmayaraq, həmişə yanımda tərcüməçi olurdu. Başqa mentalitetə və mədəniyyətə uyğunlaşmaq çox çətin idi. Bu səbəbdən Avropaya qayıtmağı qərara aldım”.