Bakı klubu üçün belaruslu baş məşqçi
01.06.2012 - 11:08
Bakı klubu üçün belaruslu baş məşqçi
Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” voleybol klubunun 2012/2013 mövsümündə yeni baş məşqçi çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “sükanını” belaruslu mütəxəssis Pyotr Xilkoya etibar etmək arzusundadırlar.

Çalışdırıcı bu məqsədlə artıq Bakıya dəvət olunub. Onunla komandanın iddiası və müqavilənin şərtlər barəsində danışıqlar aparılacaq. Əgər “Lokomotiv” Xilko ilə razılığa gələrsə, baş məşqçi postu ona veriləcək.

Lakin Bakı təmsilçisindən verilən məlumata görə, slovakiyalı baş məşqçi Draqutin Baltiçlə də yollar tam ayrılmayıb. Onunla müqavilənin müddəti bitsə belə, klubda vəzifəsini icra etməsi istisna deyil. Bütün bu məsələlərə aydınlıq isə Xilko ilə danışıqlardan sonra gələcək.

Qeyd edək ki, belaruslu baş məşqçi Azərbaycanlı voleybolsevərlər üçün yaxşı tanışdır. Çünki o, 2009/2010 mövsümündə “İqtisadçı”nı çalışdırıb.