“Azərbaycana yollanmaqdan narahat deyiləm” - MÜSAHİBƏ
11.06.2012 - 14:20
“Azərbaycana yollanmaqdan narahat deyiləm” - MÜSAHİBƏ
“Lokomotiv”in yeni transferi Yuliana do Nasimento Kosta (Ju Kosta) vətəni Braziliyada müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Sollis Nestle” klubundan transfer olunan 30 yaşlı hücumçu gələcək planları və Azərbaycan barədə fikirlərini açıqlayıb.

- Karyeranızda ilk dəfə legioner həyatı yaşayacaqsınız. Artıq bütün sənədləşmə başa çatıbmı?
- Bəli, bütün razılıq əldə olunub. Artıq “Lokomotiv”lə rəsmi müqavilə imzalamışam. Yeni mövsümdən yeni ölkədə çıxış edəcəyəm. Həmçinin, bununla Çempionlar Liqasında da debüt etmək imkanı qazanacağam.

- Maraqlıdır, keçidiniz necə baş tutdu?
- Braziliyada mövsüm bitdikdən sonra “Lokomotiv”dən mənimlə əlaqə saxladılar. Fikrimcə, həyatda heç nə təsadüfdən baş vermir. Mən çempion olmuşam və indi özümü daha yüksək səviyyədə çıxış etməyə böyük ölçüdə hazır sayıram. Son aylarda özümü dərketmə prosesindən keçmişəm. Hamı mənim Azərbaycan getməyimə sözləşdi və təklif çox cəlbedici idi.

- Müqavilə imzalamamışdan öncə Azərbaycan barəsində kimdənsə məlumat aldınızmı?
- İnformasiya almaq baxımından problemim olmadı. “Lokomotiv”də çıxış etmiş və bir müddət öncə dünyasını dəyişmiş Mariya Veronika Qomesin vaxtından bu komandanı tanıyırdım. Sonradan Renata Kolombo (Renatinya) ilə məsləhətləşdim.

- Amma Erika Koimbra “İqtisadçı”dan problemlə ayrılıb. Ona zədələndikdən sonra lazımı diqqət ayrılmadı. Bu sizin fikrinizi dəyişmədi ki?
- Məni bu şey narahat etmədi. Çünki yaxşı məsləhətçilərim var. Tibbi sığortaya malikəm və istənilən zədə olduqda hansısa problemlə rastlaşmayacam. Hər şey müqavilədə nəzərdə tutulub və bu səbəbdən Azərbaycana yollanmaqdan narahat deyiləm.

- Orada hədəfləriniz nə olacaq?
- Hələlik yeni komandamın düşərgəsində deyiləm. Çünki klub hazırda istirahətdədir. “Lokomotiv” bir araya gəlmədiyindən rəsmi təqdimatım olmayıb. Çox həyəcanlıyam və komandam üçün hər şeyi etmək istəyirəm.

- Azərbaycana ailənizlə birgə yollanacaqsız?
- Bəli, ilk dəfə birgə ölkə xaricinə çıxacağıq. Azərbaycana anam və 2 qızımla yollanacağam. Bir uşağım artıq 4 ildir məktəbə gedir. Yeni məkan onun üçün gözəl imkan olacaq. Qızım da həyəcanlıdır, məktəbdəki kiçik dostlarına xaricdə yaşamağa getdiyimizi deyib.