“Bu o demək deyil ki, mən Azərbaycandan tam ayrılıram” - MÜSAHİBƏ
19.06.2012 - 15:01
“Bu o demək deyil ki, mən Azərbaycandan tam ayrılıram” - MÜSAHİBƏ
Azərbaycan Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknasın apasport.az saytına müsahibəsi

- Təbrik edirik, artıq Türkiyənin “Pınar Karşıyaka” klubu ilə rəsmi müqaviləyə imza atmısız. Azərbaycan basketbolu üçün böyük işlər gördükdən sonra ölkəmiz tərk etmək çətin olmayacaq ki?
- Bəli, uzun illər formasını geyindiyim “Pınar Karşıyaka” ilə artıq rəsmi müqaviləyə imza atmışam. Bu komanda mənim üçün çox doğmadır, onlarda kapitan da olmuşam. İzmir klubunda da Azərbaycan Basketbol Federasiyasında olduğu kimi baş menecer vəzifəsini icra edəcəyəm. Lakin bu o demək deyil ki, mən buradan tam ayrılıram.

- Onda ölkəmizdəki vəzifənizi də davam etdirəcəksiz?
- Niyə də etdirməyim? Bura mənim üçün doğmalaşıb. Basketbolun populyarlaşması üçün yaxşı işlər görmüşük. Lazımı yığma formalaşdırmışıq. Mən “Pınar Karşıyaka”ya isə millinin Avropa çempionatının seçmə mərhələsindəki matçlarından sonra yollanacağam. Yəni həlledici matçlarda komanda ilə birgə olacağam. Bundan əlavə, təqvimlər də üst-üstə düşmür. Klubumun oyunları haradasa sentyabrda başlayacaq və gələn ilin aprelində başa çatacaq. Azərbaycan Basketbol Federasiyası bu vəzifədə qalmağımı istəyərsə və milli Avropa çempionatının final mərhələsinə yüksələrsə yenə də maydan komandaya qoşulacağam.

- Saytımıza az öncə verdiyiniz açıqlamada “Pınar Karşıyaka” ilə bağlı yekun qərarın yığma ilə İstanbulda təlim-məşq toplanışında verəcəyinizi bildirmişdiz. Lakin bu daha tez reallaşdı...
- Belə alındı. Həm də burada Türkiyə çempionatının güclü olması rol oynadı. Bildiyiniz kimi, Azərbaycan çempionatı bir qədər zəifdir. Bundan əlavə, klublarımız Avropa kuboklarında da iştirak etməyəcəklər. Ancaq vətənimdə bu tam başqadır.

- Yəni “Pınar Karşıyaka” yeni mövsümdə çempionatda iddialı yanaşı, avrokubokda da oynayacaq...
- Elədir. “Pınar Karşıyaka” ötən mövsümü 6-cı yerdə başa vurub. Yeni klubum “EuroChallenge”də mübarizə aparacaq və 2012/2013 mövsümü üçün daha iddialı olacağıq.

- Ola bilərmi ki, “Pınar Karşıyaka”ya özünüzlə azərbaycanlı basketbolçu da aparasız?
- Belə fikrim var. Lakin bu barədə nəsə demək tezdir. Çünki mən komanda ilə tam tanış olduqdan sonra nəsə deyə bilərəm. Biz 4-5 legionerlə güclənmək istəyirik. Amma bunları oraya getdikdən - mövqeləri nəzərdən keçirdikdən sonra dəqiqləşdirəcəyik.

- Həmin basketbolçu kim ola bilər? Ad çəkə bilərsizmi?
- Yox, hələ heç nə demək mümkün deyil.

- Avropa çempionatının seçmə mərhələsinin oyunlarının startına təxminən 2 ay vaxt qalıb. Azərbaycan yığmasındakı işlərinizi nə yerdədir?
- Demək olar ki, 90 faiz işləri yekunlaşdırmışıq. Legionerləri komandaya cəlb etmişik, oyunların təqvimini müəyyənləşdirmişik, sponsorları tapmışıq. İndi isə hazırlıqlarımız davam edir. İnşallah, bunlar özünü matçlarda göstərəcək.

- Bakıda başlayan təlim-məşq toplanışı necə keçdi?
- Hər şey plan üzrə gedir. Hələ heç bir problem yoxdur. Sabah isə hazırlıqları davam etdirmək üçün Türkiyəyə yollanırıq. Burada yoldaşlıq matçları da keçirəcəyik.

- Türkiyəyə yığmamız tam heyətlə gedir?
- Xeyr, yalnız amerikalı oyunçularımız düşərgədə olmayacaq. Lakin digər ölkələrdə oynayan legionerlərimiz – Orxan Aydın, Rasim Başak, Renat Urzayev, Konstantin Birkov və Zaur Paşayev bizlə birgə olacaq.