5-ci cəhd, 5-ci final və yubileylər ərəfəsində
06.09.2012 - 15:21
5-ci cəhd, 5-ci final və yubileylər ərəfəsində
Sabah qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin I dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilk 3 matçını Finlandiyada keçirəcək.

C qrupunda yer alan Faiq Qarayevin yetirmələrinin rəqibləri ev sahibləri ilə yanaşı, Avstriya və Belarus milliləri olacaq. Komandamızı qrup mərhələsinin favoriti saymaq olar.

Çünki bu rəqiblər arasında komandamıza yalnız belaruslular müqavimət göstərmək gücündədirlər. Bunun üçün müstəqillik illərində 5-ci dəfə qatılacağımız (2003-də B divizionunda oynadığımız üçün nəzərə alınmayıb) qitənin ən möhtəşəm yarışında yenə final mərhələsinə yüksələcəyimiz inandırıcıdır. İndiyə kimi iştirak etdiyimiz 4 Avropa birinciliyinin finalı bizsiz olmayıb. Bununla yanaşı, komandamızın keçdiyi təlim-məşq toplanışları, yoxlama oyunları da belə deməyə əsas verir.

Düzdür, Faiq Qarayev yetirmələrinin hamısının gücündən istifadə edə bilməyəcək. Kapitanımız Oksana Parxomenko, istedadlı hücumçumuz Polina Rəhimova zədəlidirlər. Onlarla yanaşı, Natalya Məmmədova, Valeriya Korotenko və Odina Əliyeva da bu problemdən əziyyət çəkirlər. Lakin son 3 voleybolçunun oyun ərəfəsində “döyüşə” atılacaqları istisna edilmir.

Yığmamızın Finlandiyada Avstriya ilə oyunu həm də əlamətdarlığı ilə yadda qalacaq. Çünki indiyə kimi qitə çempionatlarında 49 oyun keçirən voleybolçularımız 29 qələbə qazanıblar. 50-ci matçı avstriyalılara qarşı olacaq millimiz qələbə qazanacağı halda, 30-cu qalibiyyətini bayram edəcək. İkinci turun Belarusla görüşü isə udulacaq 100 set kimi tariximizə düşə bilər.

I dövrənin təqvimi

7 sentyabr
20:00. Azərbaycan – Avstriya
22:30. Finlandiya – Belarus

8 sentyabr
18:00. Azərbaycan – Belarus
21:00. Avstriya - Finlandiya

9 sentyabr
17:00. Belarus – Avstriya
20:00. Azərbaycan – Finlandiya

Qeyd edək ki, II təsnifat mərhələsinin II dövrəsi sentyabrın 14-16-da Bakıda olacaq.