Azərbaycan yığması: 12 məlum, 3 naməlum
17.09.2012 - 12:54
Azərbaycan yığması: 12 məlum, 3 naməlum
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə yüksələn 13 komandasının adı məlum olub. Apasport.az saytının məlumatına görə, 2013-cü il sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçiriləcək yarışda son 3 yığma pley-off mərhələsindən sonra bilinəcək.

Belə ki, ev sahibləri ilə yanaşı, son Avropa çempionatında ilk “beşlik”də qərarlaşan Serbiya, Türkiyə, İtaliya, Polşa və Rusiya həlledici mərhələdə gözlədikləri halda, digər 6 milli II təsnifat mərhələsinin qrup matçlarından sonra müəyyənləşib. Azərbaycan yığmasının da vəsiqə qazandığı final mərhələsində Belçika, Bolqarıstan, Xorvatiya, Hollandiya və İspaniya voleybolçuları da qrup qalibləri kimi güclərini yoxlayacaqlar.

Təsnifat mərhələsində qrup ikinciləri olan 6 komanda pley-offda münasibətinə aydınlıq gətirərək, 3 xoşbəxti müəyyənləşdirəcək. Bu mərhələdə Ukrayna Fransanı, Rumıniya Çexiyanı və Belarus Slovakiyanı sınağa çəkəcək.

Qeyd edək ki, bu, Azərbaycan yığmasının qatılacağı 5-ci final mərhələsidir. Voleybolçularımız iştirak etdikləri qitə çempionatlarının hamısında həlledici mərhələdə mübarizə aparıb.