“Rabitə” seriyaya davam, “Azərreyl” səfər qələbəsi arzusunda
04.02.2013 - 17:45
“Rabitə” seriyaya davam, “Azərreyl” səfər qələbəsi arzusunda
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 1/3 final mərhələsinin ilk günündə “Azərreyl” səfərdə İtaliya çempionu “Yamamay”ı sınağa çəkəcək.

Qarşılaşmanın Bakı təmsilçisi üçün çətin keçəcəyi sözsüzdür. Çünki evdə gözəl oyun nümayiş etdirən Busto Arsizo klubu cavab görüşünə rahat yollanmaq üçün bütün gücünü ortaya qoyacaq. Bununla yanaşı, Azərbaycan klubları üçün Apennin yarımadasında oynamaq elə də uğurlu alınmır.

Lakin “Azərreyl”in hazırda yaxşı formada olması uğur qazanacağımıza böyük ümid verir. Onların səfərə vaxtından əvvəl yollanması, buradakı mühitə uyğunlaşması və İtaliya voleybolunu yaxından tanıyan oyunçularının olması əlavə üstünlükləridir.

“Rabitə” də “dəmiryolçular” kimi 1/3 finalda ilk imtahanını səfərdə verəcək. Kazan “Dinamo”su ilə qarşılaşacaq Azərbaycan çempionunu isə Rusiyada asan “döyüş” gözləmir. Çünki hazırda ölkəsinin çempionatında vahid lider olan komandada kifayət qədər təcrübəli voleybolçular yer alıb və onlar ən azında evdə uduzmamağa çalışacaq.

Amma “Rabitə” də səfərə asan məğlub olmaq üçün yollanmır. Artıq klubda uyğunlaşma prosesi uğurla başa çatdığından onlar Çempionlar Liqasında qələbə seriyasını davam etdirmək və “Dördlər finalı” üçün arzularını reallaşdırmaq istəyirlər. Marçello Abbondanzanın rəhbərliyi altında avrokubokda məğlubiyyət acısı yaşamayan “Rabitə” bu dəfə də bunu bacaracağı halda, yarımfinala yüksəlmək şansını daha da yüksəldəcək.

Əksinə, ən pis halda həm “Rabitə”, həm də “Azərreyl” ilk oyunda uduzarlarsa belə yenə 1/2 finala yüksəlmək istəklərini “dəfn” etməyəcəklər. Çünki onlar Bakıda bunun heyfini alıb, “Qızıl set”də rəqiblərinə yerlərini göstərmək gücündədirlər.


Çempionlar Liqası
II pley-off mərhələsi, ilk oyunlar


5 fevral
23:30. “YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN)
Hakimlər: Flipp Şürmann (Lixtenşteyn), Yohannes Van Der Velden (Hollandiya)
Busto Arsizio, “Palayamamay”

7 fevral
19:00. “DİNAMO” (KAZAN, RUSİYA) – “RABİTƏ” (AZƏRBAYCAN)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), İqor Porvaznik (Slovakiya)
Kazan, Voleybol Mərkəzi

Qeyd edək ki, digər 1/3 final cütündə “Vakıfbank” “Əczaçıbaşı” (hər ikisi Türkiyə) ilə oynayacaq.