Biri oyuna çıxmır, biri üzvlük haqqı vermir, biri də həmişə uduzur
28.02.2013 - 12:17
Biri oyuna çıxmır, biri üzvlük haqqı vermir, biri də həmişə uduzur
Kişi basketbolçular arasında Azərbaycan çempionatının X turunda “Qala” ilə oyuna çıxmayan AZTOP klubuna cərimə kəsilməyib. Bu barədə məlumatı apasport.az saytına Basketbol Federasiyasının vitse-prezidenti Azər Qədirov verib.

O bildirib ki, ADBTA üzvlük haqqını ödəmədiyi üçün yarışdan kənarlaşdırılsa da, AZTOP barədə belə qərar ikinci dəfə eyni hal təkrarlandığı halda baş verəcək: “Reqlamentə əsasən onlar üçün heç bir cəza tədbiri olmayacaq. Sadəcə, “Qala”ya texniki qələbə verildi və bununla hər şey həllini tapdı. Əgər AZTOP ikinci dəfə meydana çıxmasa, yarışdan kənarlaşdırılacaq”.

Qədirov Bakı klubunun oyuna çıxmamasının səbəbini bilmədiyini deyib: “Komandanın oyuna cəmi 3 basketbolçusu gəlmişdi. Amerikalı legionerləri deyəsən Tiflisə getmişdilər. Bu barədə mən də ətraflı məlumata malik deyiləm. Bizim işimiz yarışı keçirməkdir. Klubla öz rəhbərliyi maraqlanmalıdır”.

Vitse-prezident yarışdan kənarlaşdırılan ADBTİA-nın keçirdiyi oyunların turnir cədvəlinə təsiri olmayacağını bildirib: “Onlar 5 turdan sonra çempionatdan çıxarıldı. Bu oyunların nəticəsi qalacaq. Digər turlarda onlara texniki məğlubiyyət verilməyəcək. Martın 9-da isə II dövrə bitəcək və pley-off mərhələsinə yüksələnlər bilinəcək. Hələ qələbəsi olmayan BDU-nun bu siyahıda olması inandırıcı olmadığından digər mükafatçıları 4 komanda müəyyənləşdirəcək”.

Qeyd edək ki, pley-off mərhələsinin apreldə keçirilməsi planlaşdırılır.