Voleybolda setlərin qalibi 21 xalda müəyyənləşə bilər
10.04.2013 - 12:27
Voleybolda setlərin qalibi 21 xalda müəyyənləşə bilər
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Voleybol Federasiyasının (FİVB) İnzibati Şurasının yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, FİVB braziliyalı prezidenti Ari Qrasın rəhbərliyi altında baş tutan iclasda bir sıra texniki məsələlər gündəmə gətirilib.

Yığıncaqda qərar alınıb ki, Dünya Liqası və Qran-pri turnirlərinin final mərhələsində, həmçinin yarışı qəbul edən milli federasiyaların imkanları daxilində seçmə oyunlarında videotəkrardan istifadə olunsun. Mübahisəli epizodlar zamanı topun meydana və ya kənara düşməsi bu yolla müəyyənləşdirilsin.

Bundan başqa, daha 2 məsələ müzakirə olunub. Yığıncaq iştirakçıları oyunların daha tez başa çatması üçün setlərin indiki kimi 25-ə deyil, 21-ə qədər davam etməsi təklifini götür-qoy ediblər. Matçın daha tez yekunlaşması daha çox televiziyaların marağına uyğun olduğu üçün gündəmə gətirilib. Lakin bununla bağlı hansısa qərar qəbul olunmayıb. Bu qaydanı gələcəkdə daha dərindən araşdırılıb, yenidən müzakirə olunması gözlənilir.

Topu qəbul edərkən yuxarıdan 2 əllə toxunmaq qaydası da növbəti dəfə islasın gündəliyinə daxil olunub. Lakin indiki qaydalara heç bir dəyişiklik edilmədiyindən, məsələ müvəqqəti dayandırılıb.