Titullardan doymayan ulduz “Azəryol”da! - EKSKLÜZİV
31.05.2013 - 17:50
Titullardan doymayan ulduz “Azəryol”da! - EKSKLÜZİV
“Azəryol” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən Ancelo Vercesinin çalışdıracağı komanda ABŞ millisinin ulduz voleybolçusu Tom Loqanla anlaşıb.

32 yaşlı oyunçu ilə 1 illik razılıq əldə olunub. O, Bakı klubuna Braziliyanın “Unilever” klubundan transfer edilib. Loqan daha öncə “Stanford University” (1999-2002, ABŞ), “Minas” (2003), “Cesi” (2003-2004), “Çyieri” (2004-2005), “Novara” (2009-2010, hamısı İtaliya), “Volero” (2005-2006, İsveçrə), “Tenerife” (2006-2007, İspaniya), “Quançjou Everqrand” (2010-2011, Çin) və “Fənərbaxça” (2010-2012, Türkiyə) klublarının şərəfini qoruyub. Bu ölkələrin demək olar hamısında mükafatçılar sırasında yer alan 186 sm boya malik Loqan avrokubokların da müxtəlif əyarlı medallarına layiq görülüb. 2012-ci ildə isə İstanbul klubu ilə Bakıda da Çempionlar Liqasının qızıl medalını qazanıb.

O, yığmasının heyətində də kifayət qədər titula yiyələnib. 2000-ci ildən əsas komandada çıxış edən Tom dünya Qran-Prisinin 4 qat qalibi (2001, 2010, 2011, 2012) adına sahib olub, 2 dəfə bürünc medalını (2003, 2004) qazanıb. Pekin və London Olimpiadasının finalında oynayan voleybolçusu 2002-ci ildə dünya çempionatının ikincisi olub. Loqan həmçinin Dünya Kubokunun 1 gümüş (2011) və 2 bürünc (2003, 2007) medalını da boynundan asıb. O, titul qazandığı yarışlarda dəfələrlə ən yaxşılar arasında yer alıb.

Qeyd edək ki, bu ildən “Azərreyl”i “Azəryol” adına dəyişən komanda daha öncə Oksana Porxomenko, Kseniya Kovelenko və Valeriya Korotenko ilə müqaviləsinin müddətini artırıb.