“Çina” Bakı klubunda
09.07.2013 - 17:41
“Çina” Bakı klubunda
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “Azəryol” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Dominikan Respublikasının milli komandasının üzvü Lizvel Eliza Eve-Kastilyonu sıralarına qatıb.

22 yaşlı voleybolçu artıq 6 ildir çoxdur ki, millinin şərəfini qoruyur. 194 sm boya malik “Çina” ləqəbli idmançı 2012-ci ildə Yay Olimpiya Oyunlarının iştirakçısı olub. 2008-ci ildə isə Olimpiadanın təsnifat mərhələsində mübarizəni dayandıran yığmanın heyətində olub. Bundan bir neçə ay sonra Eliza hələ 16 yaşında ikən Panamerika Oyunlarının çempionu adını qazanıb.

2007-ci ildə qadınların dünya çempionatının ən gənc iştirakçısı kimi tarixə düşən Evenin zəngin medal kolleksiyasında Panamerika Oyunlarının 2 qızılı ilə yanaşı, NORSECA çempionluğu da var. Dominikan Respublikasını Olimpiadada təmsil edən, indisə peşəkar boksa üz tutan Jilbert Lenin Kastilyo ilə ailə həyatı quran xanım voleybolçu Avropaya ilk dəfə gəlir. Bunadək o, vətəni ilə yanaşı, Puerto-Riko, Peru, Yaponiya və Cənubi Koreya klublarında çıxış edib. Mərkəz blokçu və spayker amplualarında oynayan Elizanın son klubu “Deportivo Geminis” (Peru) olub.