“Bakıda vaxtımız şən keçirdi”
30.07.2013 - 11:09
“Bakıda vaxtımız şən keçirdi”
“Lokomotiv”in sabiq voleybolçusu Kristin Riçards Azərbaycan karyerası barədə danışıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın heyətində “Çelenc Cup” turnirində finala yüksələn 28 yaşlı amerikalı oyunçu ölkəmizdə günlərinin şən keçdiyini açıqlayıb.

Belə ki, az öncə Braziliyanın “Kanpinas” klubuna transfer olunan Riçards çıxış etdiyi Rusiya, İtaliya və Türkiyədəki günlərini xatırlayıb.

O Super Liqanın səviyyəsini yüksək qiymətləndirib: “Mənim Azərbaycandakı işlərim yaxşı getdi. Çıxış etdiyim çempionat təzəcə güclənməyə başlayırdı. Bir şey də vardı ki, orada legioner limiti yox idi. Bu üzdən çempionatın səviyyəsi çox yüksək idi. Həmçinin, Bakı klublarında kifayət qədər amerikalı voleybolçular vardı. Onların çoxunu milli komandadan tanıyırdım. Bu üzdən də Bakıdakı vaxtımız şən keçirdi”.

2010/2011 mövsümündə “Lokomotiv”in şərəfini qoruyan Kristin cəmi 1 ildən sonra Azərbaycandan getməsinin də səbəbini açıqlayıb: “İtaliya mənim ən çox sevdiyim ölkələrdən biridir. Həmişə peşəkar səviyyədə oynamaq arzulamışam. Bu üzdən İtaliya klubu ilə müqavilə bağlamaq imkanı yarananda çox sevindim”.

Qeyd edək ki, Riçards “Lokomotiv”dən “Pyaçentsa”ya transfer olunmuşdu.