“Prezidentlə tanış olmaq mənim üçün şərəf idi”
14.08.2013 - 10:49
“Prezidentlə tanış olmaq mənim üçün şərəf idi”
“Rabitə” klubunun sabiq voleybolçusu, 4 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu olmuş serbiyalı Mira Qoluboviçin apasport.az saytına müsahibəsi

- Sizi yeni mövsümdən “Rabitə”nin heyətində görməyəcəyik. Artıq Qoluboviç üçün doğmalaşan komandadan ayrılmağın səbəbi nə idi?
- Mövsüm bitdikdən sonra agentim “Rabitə”nin prezidenti Cəlil Cəfərovla danışdı. Mən klubda qalmaq istəyirdim. Prezident dedi ki, yeni qaydaya görə 2013/2014 mövsümündə heyətdə 3 azərbaycanlı oynamalıdı. Əgər belə olmasaydı, mənimlə müqavilə bağlanacaqdı. Sonra öyrəndim ki, mövqeyimə başqa oyunçu alıblar.

- “Rabitə”dən ayrılmaq sizin üçün çətin idi?
- Bir peşəkar kimi, hər şeyi yaxşı başa düşürəm. “Rabitə” kimi çox yaxşı komandada oynadım. Çoxlu uğurlarımız oldu, yaxşı insanlarla tanış oldum.

- Siz çox klublarda oynamısız. “Rabitə” karyeranızda hansı yeri tutur?
- “Rabitə” mənə karyeramda uğurlar qazandırmış komandadır. Həmişə çalışmışam ki, daha böyük iddiası olan klub seçəm. Bu, İtaliya, İspaniya, Yaponiya, Rusiya, İsveçrə və Azərbaycana aiddir. “Rabitə” ilə 4 dəfə Azərbaycan çempionu oldum, 2 dəfə Çempionlar Liqasının finalında, 2 dəfə klublararası dünya çempionatının həlledici matçında oynadım, 1 dəfə qalib oldum.

- Super Liqada 4 çempionluğun hansı daha çətin əldə olunub? Bəs hansı daha şirin idi?
- Çempionluğun hər biri özünə görə çətin olub. Azərbaycanda yaxşı komandalar çoxdur və hər oyunun da özünəməxsus çətinliyi var. Mənim üçün daha şirini birinci çempionluqdur. Onda mən yalnız pley-offda oynasam da, sonda qazandığımız uğura çox şad idim.

- Azərbaycandan hansı xatirələriniz qalacaq?
- Mən Azərbaycanı, Bakını çox sevdim. Orada oynadığım 3 il mənim üçün evim kimi oldu.

- Bəs Bakıda sizin üçün ən unudulmaz nə oldu?
- Dünya çempionluğumuz. Biz bunu qazanandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduq. Ölkə başçısı ilə tanış olmaq mənim üçün böyük şərəf idi.

- Siz artıq “Volero”nun oyunçusunuz. İsveçrəyə getməzdən öncə, o cümlədən Azərbaycandan başqa təkliflər vardımı?
- Təkliflər almışdım. Bunlar Rusiya və Türkiyə klublarından idi. Ancaq “Rabitə”dən cavab gözləyirdim. Məni heyətində görmək istədiyim komandaların adlarını çəkməyəcəyəm. Çempionlar Liqasında iştirak mənim üçün çox vacib idi.

- Onda “Volero”nu seçməyinizdə də bu rol oynadı?
- Mən əvvəl də bu klubda oynamışam. “Volero”nun prezidenti Stav Yakobi mənə müqavilə təklif edəndə digər klublar barədə fikirləşmədim. Yaxşı bilirik ki, “Volero” ciddi komandadır və böyük iddiaları var. 3-cü dəfə dünya çempionatında oynayacağam, bu bildiyiniz kimi, Sürixdə keçiriləcək. Eyni zamanda, Çempionlar Liqasında da qələbə qazanmağa çalışacağıq.

- Siz başqa klubumuza keçsəydiz “Rabitə”yə rəqib olacaqdız. Doğma komandanıza qarşı oynamaq sizə çətin olmayacaqdı ki?
- Mənim üçün komandanın ciddi olmağı, nəticə qazanmaq istəyi vacibdir. Peşəkar voleybolçu isə hər komanda üçün maksimum gücünü verir. Əgər bu digər Azərbaycan klubu olsaydı, yenə maksimum oynayardım. Yəni, bunun hansısa fərqi yoxdur, peşəkar idmanın tələbi budur.

- Sizcə, heyətinə yeni voleybolçular və baş məşqçi cəlb edən “Rabitə” bu il əsas hədəfinə - Çempionlar Liqasının qalibi olmaq istəyinə qovuşa bilərmi?
- “Rabitə” çox yaxşı komandadır. Heyətində yaxşı oyunçular çoxdur. Heç vaxt dəqiq demək olmur ki, sonda qalib kim olacaq. Çünki Çempionlar Liqasında çoxlu yaxşı komanda oynayır. Mən onlar uğurlar arzulayıram və əsas hədəflərinə çatmalarını istəyirəm.

- Sizi gələcəkdə yenidən Azərbaycanda görə bilərikmi və ya buraya qayıtmaq istərdizmi?
- Mən bundan sonra nə qədər oynayacağımı bilmirəm. Ancaq əlbəttə, Bakını sevirəm. Azərbaycan voleybolu çox yüksək səviyyədədir.

- “Rabitə” Azərbaycan çempionatında necə hegemonluğunu davam etdirə biləcəkmi?
- Onlar çox güclüdür. Deyim ki, digər klubların hazırda hansı vəziyyətdə olduğunu, heyətləri barədə məlumatım yoxdur. Ona görə də Super Liqanın necə alınacağını deyə bilmərəm.