Asiyadan yeni tapıntı – EKSKLÜZİV
15.08.2013 - 11:25
Asiyadan yeni tapıntı – EKSKLÜZİV
“İqtisadçı”nın Asiya “bazarlığı” davam edir. Apasport.az saytının məlumatına görə, ötən il Tailand millisini Bakıya köçürən universitet komandası bu dəfə çinli voleybolçulara üstünlük verir.

Belə ki, Çempionlar Liqasında debüt edəcək paytaxt təmsilçisi Kiuyue Vey və Ma Yun Venin ardından Li Çanqın da keçidini həll edib. Ötən mövsümü “Şanxay”da keçirən 28 yaşlı hücumçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.

2009-cu ildən əsas millisinə çağırılan Çanq burada 100-ə yaxın matça çıxıb və Asiya oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya kubokunun (2010) qalibi adını qazanıb. 181 sm boya malik diaqonal voleybolçu, həmçinin Asiya kubokunun (2012) gümüş və dünya çempionatının (2011) bürünc mükafatçısıdır. Linin sevimli nömrəsi isə “17”dir.

Qeyd edək ki, “İqtisadçı” daha öncə Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya), Kim Vilouqbi, Ariel Uilson (hər ikisi ABŞ) və Lenka Dürrü (Almaniya) transfer edib. Ötən ilki heyətdən isə Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva (hamısı Tailand) ilə müqavilənin müddətini uzadıb.