“Rabitə”nin “Dördlər finalı”nın ev sahibi olması üçün hər şeyi edəcəyik”
16.08.2013 - 17:14
“Rabitə”nin “Dördlər finalı”nın ev sahibi olması üçün hər şeyi edəcəyik”
Çempionlar Liqasının gələn ilin martında keçiriləcək “Dördlər finalı”nın Azərbaycanda baş tutmaq şanslarına pley-off mərhələsinədək aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer açıqlayıb.

Bakıda səfərdə olan qurum başçısı həlledici oyunları qəbul etmək üçün sifariş verən klubların bunun üçün ilk növbədə qrupdan çıxmalı olduğunu vurğulayıb: “Pley-offa yüksələn hər bir komanda final mərhələsini qəbul etməyə iddia edə bilər. Buna dekabrın sonu, gələn il yanvarın əvvəlində aydınlıq gələcək. Amma onu deyə bilərəm ki, Bakı artıq bizə müraciət edib. Bizdə bir qayda ver ki, eyni ölkə ardıcıl 2 il “Dördlər finalı”nı qəbul edə bilməz. Bu isə o deməkdir ki, Azərbaycanın namizədliyini verməsinə əngəl yoxdur”.

Bu məsələyə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev də münasibət bildirib. Mütəxəssis son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”nin yarışa ev sahibliyi etmək şanslarını yüksək qiymətləndirib: “Reytinq siyahısında Azərbaycan klubları arasında ən yüksək yer “Rabitə”dir. Biz də onların “Dördlər finalı”nın ev sahibi olması üçün bizdən asılı olan hər şeyi edəcəyik”.

Qeyd edək ki, 2011/12 mövsümündə də “Dördlər finalı” Bakıda keçirilsə də, ölkəmiz burada təmsil olunmamışdı.