Qran-pridə fərqlənən “azərbaycanlılar”
20.08.2013 - 10:01
Qran-pridə fərqlənən “azərbaycanlılar”
Qadın voleybolçular arasında dünya Qran-prisinin 3 mərhələsinin ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutan 9 turunun yekununa əsasən müəyyənləşən siyahının ilk “3-lüyü”ndə Azərbaycan klublarının oyunçuları da yer alıblar.

7 nominasiyadan 3-nün qalibi voleybolsevərlərimiz üçün yaxşı tanışdır. Belə ki, “Rabitə” ilə Azərbaycan çempionu olan dominikalı Brenda Kastillo ən yaxşı liberoların siyahısına başçılıq edir. Onu “Lokomotiv”in yeni transferi – almaniyalı Lenka Dürr izləyir. Hər 2 voleybolçunun yığması final mərhələsinə yüksələ bilməyib.

Ötən il “İqtisadçı” ilə Super Liqanın gümüş medalını qazanan tailandlı Nutsara Tomkom da öz mövqeyində birincidir. Yığmasının 13-cü yeri tutmasına baxmayaq, asiyalı çıxış etdiyi yarışlarda ən yaxşı toppaylayıcı olmasını yenə sübut edə bilib. Onunla yanaşı, “Rabitə” ilə ardıcıl 2 dəfə Azərbaycan çempionu olan Dobriana Rabadjiyeva da topqəbulunda bütün rəqiblərini qabaqlayıb.

Həmçinin, “Rabitə” yeni transferi Katarjina Skovronska bombardirlər siyahısında ötən mövsüm “Lokomotiv”də çıxış edən Aneta Havlikova (Çexiya) ilə 3-4-cü yerləri bölüşdürüblər. Polşalı hücumçunun aktivində 168 xalı var. Bunlardan 143-ünü hücumda qazanan Skovronskanın 14 bloku keçilməz, 11 servisi isə qarşısı alınmaz olub.

Qeyd edək ki, final mərhələsinə yüksələn yığmalarda da Azərbaycanda oynayan voleybolçular var.