İqor Lovrinov: Bizim zarafat üçün vaxtımız yoxdur - MÜSAHİBƏ
21.08.2013 - 09:49
İqor Lovrinov: Bizim zarafat üçün vaxtımız yoxdur - MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət Xorvatiya millisinin baş məşq İqor Lovrinov sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatı ilə bağlı müsahibə verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan, Rusiya və Belarusla birgə C qrupunda yer alan xorvatlar yarışda uğura ümid edirlər. İlk matçını Drezdendə millimizə qarşı keçirəcək komandanın çalışdırıcısı hələ heyəti tam formalaşdırmadığını bildirib.

- Mənim hələ də Drezdenə aparacağım “12-lik”lə bağlı bəzi şübhələrim var. Heyət yalnız son anda məlum olacaq. Xoşbəxtlikdən indiki vəziyyətdə zədə ilə bağlı problem yoxdur. Maya Polyak yenidən komanda yoldaşları ilə birgə hazırlıq keçməyə başlayıb və bir neçə günə tam formada olacaq.

- Müəyyən müddətdir Sloveniyada hazırlıq keçirsiz. Komandanın hazırkı durumu nə yerdədir?
- Bizim orada zarafat üçün vaxtımız yoxdur. Tam intizamlı şəkildə çalışırıq. Sanki kazarmadayıq.

- Xorvatiya Voleybol Federasiyasının rəhbərliyi artıq komanda üçün sentyabrın 15-də Berlinə bilet “bron” etdirib. Bu isə o deməkdir ki, onlar millini orada keçiriləcək yarımfinalda görürlər...
- Bizim iddiamız həqiqətən böyükdür. Ötən illə müqayisədə heyətimiz daha yüksək səviyyədədir. Biz hazırlıq keçdiyimiz Maribordakı şəraitdən gileylənə bilmərik. Yəni bu cəhətdən heç bir bəhanəmiz yoxdur.

- Rəqiblər barədə nə dərəcədə məlumat toplamısız?
- Bizim statistiklər ilk matçda üz-üzə gələcəyimiz Azərbaycan yığması barədə məlumatlar yığır. Eyni zamanda, Maribordakı qərargahımız Rusiyanın Qran-pridəki çıxışını diqqətlə izlədi. Onlarla bağlı artıq 2 videoyazımız da var. Bunu azərbaycanlılarla görüşdən sonra təhlil edəcəyik.