“Spikerella” Drezdendə yığmamızı gözləyir - FOTO
21.08.2013 - 15:21
“Spikerella” Drezdendə yığmamızı gözləyir - FOTO
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi artıq Drezdenə yollana bilər. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsində yığmamızın da yer aldığı C qrupunun oyunlarının baş tutacağı şəhər turnirə tam hazırdır.

Faiq Qarayevin yetirmələri ilə yanaşı, Belarus, Xorvatiya və Rusiyanı qəbul edəcək Drezdendə artıq indidən bayram əhval-ruhiyyəsi hökm sürür. Final mərhələsinin afişaları, müxtəlif plakatlar şəhərin küçələrini bəzəyir. Çempionatın talismanı “Spikerella” isə drezdenliləri oyunların keçiriləcəyi məkana dəvət edir. Turnirin simvolu təbliğat məsələsində “Dresdner”in kapitanı Stefani Karqın köməyi ilə voleybolsevərlərə müəyyən məlumatlar verir.

Qeyd edək ki, Almaniya və İsveçrədə keçiriləcək Avropa çempionatı sentyabrın 6-da başlayacaq.