“Azərbaycanın əsas millisində oynamaq istəyirəm” - MÜSAHİBƏ
22.08.2013 - 15:36
“Azərbaycanın əsas millisində oynamaq istəyirəm” - MÜSAHİBƏ
Rusiya Güclülər Liqası – “A”da çıxış edən “Sparta”ya yenicə transfer olunan Azərbaycan millisinin voleybolçusu Anita Bredisin apasport.az saytına müsahibəsi

- Nijni Novqorod klubuna keçidiniz necə alındı?
- Bu transferin reallaşmasında agentimin rolu oldu.

- Azərbaycandan kənarda çıxış etməkdə özünüz maraqlı idiz, yoxsa?
- Öz gücümü ölkədən kənarda sınamaq istədim. Bunun üçün Rusiyadan başladım. Görək davamı necə olacaq.

- “Sparta”dan başqa variantlar vardımı?
- Bəli, Rusiyanın başqa klublarına da keçməyim mümkün idi.

- Həmin klublar hansılar idi? Super Liqadan da təklif almışdızmı?
- Mənə Güclülər dəstəsi “A”nın klubları maraq göstərirdi. Onlar arasında isə “Sparta”nı seçdim.

- Bəs Rusiyada başqa hansısa ölkədən necə təklif almışdızmı, yoxsa, özünüz burada oynamağa üstünlük verdiz?
- Bu təklif ən sərfəlisi idi. Onun üçün bunu seçdim.

- Siz “Lokomotiv-Biləcəri”də əsas oyunçulardan sayılırdız. Yeni klubunuzda da aparıcı voleybolçulardan birinə çevrilmək üçün sizi rəqabət gözləyir. Bundan çəkinmirsiz ki?
- Rəqabət yalnız daha güclü oynamaq üçün stimuldur. Düşünürəm ki, yeni komandamda əsas heyətdə düşməyim mümkün olacaq və “Sparta”da lazımı təcrübəni toplaya biləcəm.

- Yeni mövsümdə komandanızın qarşısına hansı vəzifə qoyulub?
- “Sparta”nın əsas hədəfi Rusiyanın ən güclülərinin çıxış etdiyi Super Liqaya vəsiqə qazanmaqdır.

- Necə düşünürsüz, komandanız bu vəzifənin öhdəsindən gəlmək iqtidarındadırmı?
- Çox yaxşı komanda qurulub. Yeni mövsümə ölkə xaricində hazırlaşırıq. Hazırda Serbiyada təlim-məşq toplanışındayıq. İntensiv məşqlər gedir və bunun sayəsində də bütün oyunçular lazımı formanı yığıb. Düşünürəm ki, Super Liqaya yüksəlmək üçün bütün şanslarımız var.

- Serbiya toplanışı zamanı hər hansı bir yoxlama oyunu keçirmisizmi? Yəni yeni komandanızda qeyri-rəsmi debütünüz gerçəkləşibmi?
- Yox burada yalnız hazırlıq prosesi keçirik. “Sparta”dakı debütüm isə Belarusda gerçəkləşəcək. Gələn ayın ortalarında orada keçirilən beynəlxalq turnirə qatılacağıq.

- Artıq müəyyən müddətdir ki, Azərbaycanın gənclərdən ibarət millisinin şərəfini qoruyursuz. Ölkədən kənara çıxıb, legioner həyatı yaşadıqdan sonra əsas milliyə çağırılmağın vaxtının çatdığını düşünmürsüz ki?
- Bu mənim yeni komandada özümü necə göstərəcəyimdən, qarşıdakı mövsümdə çıxışımdan asılıdır. Əlbəttə ki, çox istəyərdim ki, Azərbaycanın əsas millisinin heyətində çıxış edim.

- Qarşıdan Avropa çempionatının final mərhələsi gəlir. Burada çıxış edəcək millimizdən nə gözləyirsiz?
- Hazırda yığmamızda çox güclü heyət formalaşıb. Düşünürəm ki, biz Avropa çempionatında medallar uğrunda mübarizə aparacağıq. Mən komandamıza azarkeşlik edəcəm və onlara uğurlar arzulayıram.

- Azərbaycan yığmasının “Sparta”dakı yeganə təmsilçisiz. Yaxın gələcəkdə komandanızda daha bir voleybolçumuzun olması mümkündürmü?
- Buna cavab verməyə çətinlik çəkirəm. Ancaq mənə elə gəlir ki, hər şey mümkündür.

- Bəs siz özünüz Azərbaycandakı voleybolçulardan, özünüzə yaxın olanlardan hansının Nijni Novqorod təmsilçisində komanda yoldaşı olmasını istərdiz?
- Mənim komandamızda görmək istədiyim voleybolçu da hazırda Azərbaycan millisində çıxış edir. Bu mənim ən yaxın rəfiqəm Şəfaqət Həbibovadır.