Polina Rəhimova: Hər şeyə hazır olmalıyıq – MÜSAHİBƏ
24.08.2013 - 10:25
Polina Rəhimova: Hər şeyə hazır olmalıyıq – MÜSAHİBƏ
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın apasport.az saytına müsahibəsi

- Bakıda təlim-məşq toplanışını başa vurub, İsveçrəyə yollanmısız. Komandanın hazırlığını necə qiymətləndirirsiz?
- Təlim-məşq toplanışımızı İsveçrədə davam etdiririk. Bakıdakı hazırlıq yaxşı keçdi. Son 1 ayda ardıcıl 3 gün oyun keçirmək üzərində çalışırdıq. Çünki Avropa çempionatında da 3 gündə 3 matça çıxacağıq. Biz də evdə buna uyğunlaşmağa çalışırdıq. Fransa, İsveçrə milliləri və Rusiyanın “Uraloçka” klubu Bakıya gəlmişdi. Onlarla oyunlarda gücümüzü yoxlayıb, müsbət tərəflərimizi və çatışmazlıqlarımızı gördük. Taktikamızı da buna uyğun qurduq. Hələ qarşıda vaxtımız var. Ən yaxşı oyun formamızı yığmağa çalışacağıq.

- İsveçrə hazırlığında da yoxlama matçı nəzərdə tutulubmu?
- Bəli, burada çox sayda oyun keçirmək fikrindəyik.

- Artıq Avropa çempionatının başlamasına 13 gün qalıb. Yığmamızın şansını necə qiymətləndirirsiz?
- Şanslarımız böyükdür. İnşallah, arzularımız gerçəkləşər.

- Komandamız mərhələ adlamaq üçün C qrupunda Rusiya, Xorvatiya və Belarusla mübarizə aparacaq. Rəqiblərimiz barədə nə deyə bilərsiz?
- Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır. Oyunlarda hər şeyə hazır olmalıyıq. Fikrimcə, qrupumuzda ən çətin rəqib Rusiyadır. Bütün komandalarla qarşılaşmağa hazırlaşırıq. Lakin başa düşürük ki, Rusiyanın blokunu yarmaq çətin olacaq.

- Millimiz 2005-ci ildə ilk dədə final mərhələsinə yüksəldiyi Avropa çempionatında yarımfinaladək irəliləyib, 4-cü olmuşdu. Bundan sonra həlledici mərhələlərin daimi iştirakçısı olan yığmamız hələ də həmin rekordunu təkrarlaya bilmir. Sizcə, ən azı yarımfinala çıxmaq, mükafatçılar sırasına düşməyi bacaracaqsızmı?
- Fikrimcə, nəinki rekordu təkrarlamaq, hətta onu yeniləmək iqtidarındayıq. Ən əsası inanmaq, bayrağımızı və başımızı uca tutub qələbə qazanmağa getməkdir!