“Avropa çempionatında medal qazanmaq şansımız var”
24.08.2013 - 11:30
“Avropa çempionatında medal qazanmaq şansımız var”
“Hazırda bütün diqqətimiz Avropa çempionatının hazırlığına yönəlib”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin voleybolçusu Anna Matiyenko deyib.

Təcrübəli toppaylayıcı Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. C qrupunda Azərbaycan, Xorvatiya və Belarusla eyni qrupda yer alan Rusiya ilk 3 oyuna ev sahibliyi edəcək Drezdenə iddialı yollanmağı planlaşdırır. Matiyenko vətənində verdiyi müsahibəsində bildirib ki, komanda yaxşı durumdadır və əsas hədəfləri medal qazanmaqdır: “Psixoloji baxımdan az öncə Qran-pridə qazandığımız nəticə pis deyil. Lakin heç vaxt unutmaq lazım deyil ki, Avropa çempionatı öncəsi rəqiblər təhlil aparacaq. Oyunlarımıza baxaraq, Rusiya millisinə qarşı əks-taktika qurmağa çalışacaqlar. Amma hamımız başa düşürük ki, bizim Avropa çempionatında medal qazanmaq və hətta ən yüksək dəyərli mükafatı əldə etmək üçün bütün şansımız var”.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 6-da başlayacaq.