Xorvatiya millimizlə oyuna tam heyətlə çıxacaq
26.08.2013 - 12:03
Xorvatiya millimizlə oyuna tam heyətlə çıxacaq
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycanla eyni qrupda yer alan Xorvatiya yığması şad xəbərə sevinib. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı blokçusu Maya Polyak sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək mötəbər yarışda komandasının heyətində yer ala biləcək.

Belə ki, bel ağrılarından əziyyət çəkən təcrübəli voleybolçunun bərpa prosesi uğurla başa çatıb. Artıq komanda ilə məşqə çıxan Polyakın qrupumuzun oyunlarına ev sahibliyi Drezdenə yollanacağı dəqiqləşib. Hazırda Sloveniyada hazırlıq keçən komandanın düşərgəsində isə 14 voleybolçu yer alıb ki, onlardan 12-sinin səfərə aparılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya matçı qrupumuzda ilk qarşılaşma olacaq.