“Azəryol” zədəli voleybolçu ilə müqavilə bağladı - FOTO
27.09.2013 - 09:05
“Azəryol” zədəli voleybolçu ilə müqavilə bağladı - FOTO
“Azəryol” növbəti 2 transferini rəsmiləşdirib. Apasport.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, Bakı təmsilçisi Almaniya millisinin kapitanı Marqareta Kozux və Dominikan Respublikasının blokçusu Anneris Varqasın keçidini həll edib.

27 yaşlı Kozux İtaliyanın “Yamamay” klubundan transfer olunub. 2005-ci ildən millisinin heyətində 181 matça çıxan dioqnal oyunçu bu komanda ilə 2 dəfə Avropa çempionatının gümüş və 1 dəfə Qran-prinin bürünc medalına yiyələnib.

Ölkəsi ilə yanaşı, İtaliya, Polşa və Rusiyada legioner həyatı yaşayan Kozux klub karyerası ərzində CEV kubokunu (2009) qazanıb. 188 sm boya malik almaniyalı həmçinin “Atom”la Polşa çempionluğuna, “Yamamay”la A seriyasının qızıl və İtaliya kubokuna da sahib olub.

Ancaq Marqareta komandamızın düşərgəsinə zədəli gələcək. Almaniyalı voleybolçu yenicə başa çatan Avropa çempionatının yarımfinalında Belçika ilə matçda barmağı qırıldığı, lakin bunu hiss etməyərək oynadığı bəlli olub. O, yarışdan sonra rentgen müayinəsindən keçərkən zədəsi aşkarlanıb və 6 həftə meydandan kənar qalacağı müəyyənləşib.

32 yaşlı 194 sm boya malik Varqas isə ölkəsinin “Selession” klubundan gəlib. Bu voleybolçuda Kozux kimi kifayət qədər tanınmış və bir çox titullara sahibdir. Panamerika Oyunlarının və kubokunun qalibi olan blokçu Top-komandalar kubokunun, “Çelenc Cup”ın qızıl mükafatçısıdır. Türkiyə, İspaniya, Puerto-Riko və Braziliyada legioner həyatı yaşayan Anneris “Mursiya” ilə ölkə çempionatının və kubokunun birincisidir.

Hər 2 oyunçu ilə müqavilə 1 illikdir.

Qeyd edək ki, “Azəryol” daha öncə isə Tom Loqan, Cessika Cons (hər ikisi ABŞ), Lizvel Eliza Eve-Kastilyo (Dominikan Respublikası), Lora Kitipova (Bolqarıstan), Çyara di Yulio (İtaliya), Yuside Sillie (Kuba), Polina Rəhimova, Oksana Parxomenko, Kseniya Kovalenko, Yana Ağayeva və Odina Əliyeva (hamısı Azərbaycan) ilə də müqavilə bağlayıb.