Azərbaycan ilk dəfə 4-cü yerdə!
27.09.2013 - 15:15

Belə ki, ölkəmiz avrokuboklar üçün açıqlanan yeni siyahıda 4-cü yerdə qərarlaşıb. 1 il əvvəl Avropada 6-cı olan Azərbaycan xal hesabına 339,66-ya çatdırmaqla 2 addım irəliləyib. Ümumilikdə 55 ölkənin yer aldığı siyahıda Azərbaycan Polşa və Fransanı geridə qoyub.
Toplanan xallar isə qadın komandalarımızın son 3 mövsümdəki çıxışlarına əsasən hesablanıb. Bu 3 ildə “Rabitə” 2 dəfə Çempionlar Liqasının gümüş medalını qazanıb. “Azərreyl” və “Lokomotiv” isə “Çelenc Cup”ın qalibi adına yiyələnib. Bundan başqa, “Bakı” və elə “Lokomotiv”in özü 1 dəfə finalda oynayıb.
Bu reytinqə əsasən qadın komandalarımız 2014/2015-ci illər mövsümündə də Çempionlar Liqasında və CEV kubokunda 2 klubla təmsil olunmaq hüququ qazanıb. “Çelenc cup”da isə 1 təmsilçimiz iştirak edə bilər.
Reytinq cədvəlinin ilk 3 pilləsində dəyişiklik baş verməyib. Qitə voleybolunun nəhəngləri yenə ön sıralarda – Azərbaycandan irəlidə qərarlaşıb: Türkiyə (414,67) liderliyini, Rusiya (399,00) isə ikinciliyini qoruyub. Bu isə hər 2 ölkəyə Çempionlar Liqasında 3 komanda ilə oynamaq hüququ verib. Üçüncü olan İtaliyanın (349,67) isə təmsilçilik sayı Azərbaycan qədər olacaq.
Lakin Azərbaycan və İtaliyanın da Çempionlar Liqasına 3-cü komandası yollana bilər. Belə ki, qitənin ən nüfuzlu klub turnirinə 22 vəsiqəni 13 ölkə arasında bölən CEV daha 2 yeri “wild card”la verəcək. Bu isə yarış ərəfəsində dəqiqləşir.
Qeyd edək ki, bu il Azərbaycan Çempionlar Liqasına 3 klubla qatılsa da, onlardan “Rabitə” və “Azərreyl” həmin hüququ rəsmən qazanıb. “İqtisadçı” isə yarışda “wild card”la qüvvəsini sınayacaq.
İl | Mövsüm üçün | Yer | Xal | ÇL | CEV | Çelenc Cup | Klubların cəmi |
2010 | 2011/2012 | 15 | 154,33 | - | 2 | 2 | 4 |
2011 | 2012/2013 | 8 | 224,33 | 1 | 2 | 2 | 5 |
2012 | 2013/2014 | 6 | 297,66 | 2 | 2 | 1 | 5 |
2013 | 2014/2015 | 4 | 339,66 | 2 | 2 | 1 | 5 |
0
0