“Ağlımda Azərbaycana getmək fikri var idi” - MÜSAHİBƏ
01.10.2013 - 11:52
“Ağlımda Azərbaycana getmək fikri var idi” - MÜSAHİBƏ
“Azəryol”un yeni transfer etdiyi Malqareta Kozux İstanbulda komandanın düşərgəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, Türkiyəyə əli gipsdə gələn Almaniya millisinin kapitanı qonşu ölkə mətbuatına müsahibə də verib.

Az öncə yığması ilə Avropa çempionatının gümüş medalını qazanan 27 yaşlı Kozux Bakı təmsilçisi barədə xoş sözlər deyərək, hədəflərindən danışıb.

- Avropa çempionatının ardından barmağınızın qırıldığı məlum oldu və hazırda qolunuz da gipsdədir. Zədənizlə bağlı irəliləyiş varmı?
- Bəli. Avropa çempionatının yarımfinalında Belçika ilə matçda barmağımın qırıldığını və finalda da belə oynadığımı sonradan öyrəndim. Öncə barmağımın çatladığını zənn etsək də, müayinə tam başqa şey dedi. Bundan sonra hələ 4-5 həftə də əlim gipsdə olacaq. Ancaq bu, ciddi bir problem deyil.

- Yeni mövsümdən “Azəryol”da oynayacaqsız. Bu qərarı necə verdiyiniz maraqlıdır...
- Əvvəllər bir çox ölkələrdə çıxış etmişəm. Amma Azərbaycan karyeramda yeni olacaq. Düzdür, əvvəlki illərdə də buradan təklif alırdım, onsuz da ağlımda Azərbaycana getmək fikri var idi. “Azəryol”un Çempionlar Liqasında oynaması, baş məşqçimiz Ancelo Vercesini daha öncədən tanımağım, Almaniya millisindəki komanda yoldaşlarımın Bakı klublarının şərəfini qoruması qərar verməyimdə kömək oldu.

- Digər təklifləriniz də vardımı? Məsələn, Türkiyə, İtaliya, Polşa, Çin, Braziliya kimi aparıcı ölkələrdən...
- Bəli, təkliflərim çox idi. Ötən mövsüm başa çatdıqdan sonra bir neçə fərqli ölkələrdən təkliflər aldım. Menecerim bəzi klublarla danışıqlar apardı. Özüm isə qərar verməyimi Avropa çempionatından sonraya saxladım və “Azəryol”la müqaviləyə imza atdım.

- Hazırda İstanbulda yeni komandanızla birgəsiz və onların yoxlama matçlarını izləyirsiz. “Azəryol” barədə nə düşünürsüz, yeni mövsümdən nə gözləyirsiz?
- İndi komanda üçün nəsə demək tezdir. Çünki kollektiv yenidir, bir-birimizə uyğunlaşmaya bir qədər vaxt lazımdır. Komandamız belə təlim-məşq toplanışlarında bu çətinliyi arxada qoyacaq. Beynəlxalq turnirin ardınca “Fənərbaxça” ilə də gücümüzü yoxlayacağıq. “Azəryol”a mənim kimi yeni qoşulanlar bir-birinə uyğunlaşdıqdan sonra daha yaxşı olacağımızı söyləyə bilərəm. Azərbaycan Super Liqasında çox güclüdür, burada əla voleybolçulara malik komandalar mübarizə aparır. Burada çempion olmağımız üçün əlimizdən gələni edəcəyik. Həmçinin, Çempionlar Liqası da bizim üçün çox əhəmiyyətlidir. Qrupumuzda olduqca güclü klublar yer alsa da, Avropanın ən mötəbər klub yarışmasında uğurlu iştirakımız vacibdir.