Azərbaycan çempionu “Fənərbaxça”nın sabiq məşqçisi ilə anlaşdı
12.11.2013 - 21:19
Azərbaycan çempionu “Fənərbaxça”nın sabiq məşqçisi ilə anlaşdı
“Rabitə”nin yeni baş məşqçisi Eldar Yusubovun köməkçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionunda ikinci məşqçi funksiyasını Kamil Söz yerinə yetirəcək.

45 yaşlı türkiyəli mütəxəssis komandanın Çempionlar Liqasında və Super Liqada uğurlu çıxışına yardımçı olacaq. Söz Bakı klubundan öncə “Fənərbaxça”da işləyib. O, istanbullularla çalışdığı 7 ildə 1 dəfə Çempionlar Liqasının, 1 dəfə klublararası dünya çempionatının, 3 dəfə Türkiyə çempionatının, 1 dəfə ölkə kubokunun və 2 dəfə Superkubokun qalibi olub.

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Şabovtanın həyat yoldaşı olan məşqçi həmçinin ötən mövsüm “Fənərbaxça”nı CEV kubokunda finalına yüksəldib.

Qeyd edək ki, Sözü “Fənərbaxça”da məhz “Rabitə”nin sabiq baş məşqçisi Marçello Abbondanza əvəzləmişdi.