ABU rəqibini gözləyir
18.11.2013 - 10:50
ABU rəqibini gözləyir
Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin püşkatmasının tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, III mərhələni uğurla adlayan Bakının ABU klubunun növbəti rəqibi sabah bilinəcək. Noyabrın 19-da atılacaq püşk 8 cütə aydınlıq gətirəcək.

Artıq 1/8 finalın bütün iştirakçıları da müəyyənləşib. Bu isə o deməkdir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi ABU-nun 15 potensial rəqibinin adı bəlli olub.

Belə ki, Yunanıstanın “QAS Meqas Aleksandros” klubunu iki oyunun cəmində 60:39 (32:21 və 28:18) məğlub edən bakılılar kimi daha 8 komanda III mərhələni uğurla adlayıb. Bunlar “Dnepyanka” (Ukrayna), “Naisa-Niş” (Serbiya), “Slaviya” (Çexiya), “Maltəpə” (Türkiyə), “Biqanos-Beqles” (Fransa), “Bazel” (İsveçrə), “Kollecio de Qaya” (Portuqaliya), “Hoor” (İsveç) klublarıdır.

Onlardan başqa, daha 7 komanda 1/8 finalda iştirak edəcək. Bunlar mübarizəyə birbaşa bu mərhələdən qoşulan klublardır. Belə ki, “İssi” (Fransa), “Ardesen” (Türkiyə), “Sokol” (Çexiya), “Jelina” (Xorvatiya), “Qaliçanka” (Ukrayna), “Quintus” (Hollandiya) və “Millenium” (Serbiya) ilkin mərhələdən azad idi.