Kapitanımız Azərbaycanda futbolçu tanımır
21.11.2013 - 18:00
Kapitanımız Azərbaycanda futbolçu tanımır
Voleybol üzrə milli komandamızın və “Azəryol”un kapitanı Oksana Parxomenko bu gün “Acıbadem”in Bakı mərkəzinin rəsmi açılışında iştirak edib. Apasport.az saytının əməkdaşı açılışdan sonra Parxomenkodan müsahibə götürüb.

- “Acıbadem”ə əvvəllər müraciət etmişdiniz?
- Bəli, 2 dəfə “Acıbadem”də əməliyyat olunmuşdum.

- Bu səhiyyə ocağının digərlərindən fərqi nədədir?
- Bu sağlamlıq mərkəzində insanlara münasibət fərqlidir. Həkimlər, eləcə də bu qurumun digər işçiləri insanlarla xoş davranır. Çox keyfiyyətli xəstəxanadır. Həkimlər Avropanın ən yaxşı tibb adamlarındandır.

- Artıq zədəniz sağalıb?
- Bəli, artıq komanda ilə məşqlərə başlamışam. 2 gündən sonra oyuna çıxmağıma baş məşqçi qərar verəcək.

- Çempionlar Liqasında vəziyyətiniz yaxşı deyil. “Konelyano” ilə oynamaq üçün sizi İtaliyaya çətin səfər gözləyir. Bu qrupdan çıxmaq mümkündür?
- Qrupumuz asan deyil. Çətin oyun olsa da, nəticədə qələbə qazanmaq məcburiyyətindəyik. Bakıda onlara qalib gəldik. Düzdür, “Qalarasaray”la matçda məğlub olduq. Ancaq hamı məğlub ola bilər.

- “Azəryol”un qrupdakı digər komandalardan üstün tərəfləri nədir?
- Vaxtilə blok qurmaqda problemlə üzləşərdik. İndi isə çox yaxşı blok qura bilirik. Oyuna da topla yaxşı başlamağı bacarırıq. Bunun üçün çox çalışmışıq. Ona görə də komanda şəklində oynasaq, İtaliyadan qələbə ilə dönə bilərik.

- Qrupdan ən azı 2-ci yerin sahibi kimi çıxa bilərsiniz?
- Biz 2-ci pilləni fikirləşmirik. Qarşıdakı 2 matçda da qələbə qazanıb qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanmağı düşünürük.

- Futbolla maraqlanırsınız?
- Bəli, matçlara da getmişəm. Sonuncu dəfə Portuqaliyanın Bakıda yığmamızla oyununu stadiondan izləmişəm. 0:2 uduzmuşduq. Ancaq çox təəssüf ki, futbolçularımızı tanımıram.

- Türkiyədə çıxış etmisiniz. Bu ölkənin futbol klublarından hansına azarkeşlik edirsiniz?
- Təbii ki, həyat yoldaşım Onat Kurt “Fənərbaxça”lı olduğu üçün bu komandanı ailəlikcə dəstəkləyirik.

Səbuhi TOFİQOĞLU