Derbini “Rabitə” qazandı - YENİLƏNİB
23.11.2013 - 22:38
Derbini “Rabitə” qazandı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan 3 qarşılaşma ilə startdan sonra yaranmış 36 günlük fasilə bitib.

Günün mərkəzi matçı turun son - “Rabitə” – “Azəryol” görüşünə təsadüf edib. Əzəli rəqiblərin duelində hər 2 komandanın qələbə qazanmaq şansı yüksək olsa da, Azərbaycan çempionu yenə də güclü olduğunu sübut edib. Eldar Yusubovun rəhbərliyi altında ilk görüşünə çıxan "Rabitə" turu itkisiz bitirib.

Düzdür, görüşün əvvəli kifayət qədər gərgin alınıb. Komandalar hər top uğrunda mübarizə aparıblar. Lakin ilk setdə "Rabitə" sevinib - 29:27.

Ardınca üstünlük "Azəryol"un tərəfinə keçib. Bu dəfə Ancelo Vercesinin yetirmələri inamlı çıxışı ilə yadda qalıblar və qarşılaşmada tarazlığı bərpa ediblər - 1:1.

Bundan sonra isə "Rabitə" əsl gücünü ortaya qoyub. Üçüncü və dördüncü setlərdə "Azəryol"a çətin anlar yaşadan Yusubovun komandası yekunda 3:1 hesablı qələbə qazanaraq, ikinci turu da3 xalla başa vurub.

*****

Tura “Telekom” – “Lokomotiv” oyunu ilə start verilib. İlk turun məğlublarının dueli kifayət qədər gərgin və maraqlı alınıb. Qalibin tay-brekdə müəyyənləşdiyi matçda nominal ev sahiblərinin yeni baş məşqçisi Vasif Talıbov debütdəcə adından söz etdirməyi bacarıb. Düzdür, “dəmiryolçular” da ilk turda “İqtisadçı”ya uduzmağın təsadüf olduğunu sübut etməyə çalışıblar, amma sonda yenə məğlubiyyətdən qaça bilməyiblər.

İlk set xalaxal prinsipi ilə başlayıb. Yeni rəhbərlik və yeni heyətlə yüksək zirvələr fəth etməyi planlaşdıran “Lokomotiv” birinci texniki fasiləyə öndə yollanıb – 8:7. Lakin ardınca ssenari dəyişib. Bu dəfə meydanda gənc və perspektivli voleybolçulardan təşkil olunan “Telekom” üstünlüyə yiyələnib – 10:8.

Ardınca “dəmiryolçular” status-kvonu bərpa ediblər – 17:17. “Telekom” həlledici anda təcrübəli oyunçulardan təşkil olunan rəqibin həmlələri qarşısında səhvlərə yol verərək, ilk seti uduzub – 25:21.

Amma Talıbovun tapşırıqları növbəti setdə özünü doğruldub. İkinci hissədə meydanda yalnız “Telekom” istədiyini edib və nəticədə də 14 top fərqi ilə qalib gəlib – 25:11.

III setdə yenidən “Lokomotiv” təşəbbüsü ələ alıb. Texniki fasilələrə öndə çıxan komanda sonda yenidən hesabda irəli çıxmağı bacarıb – 2:1.

Bundan sonra məğlubiyyətlə barışmaq istəməyən “Telekom” əsl əzmkarlıq nümayiş etdirib. Onlar öncə gərgin keçən 4-cü hissəni, ardınca tay-breki hesablarına yazaraq, mövsümdə ilk qələbələrini qazanıblar. CEV kubokundakı təmsilçimiz “Lokomotiv” isə ikinci görüşdə məğlub olsa da, aktivinə 1 xal yazıb.

*****

“Azərreyl” – “İqtisadçı” matçında ikincilər aşkar favorit hesab olunsa da, proqnozlar özünü doğrultmayıb. Sürətli voleybolu nümayiş etdirən “tələbələr” bu dəfə “dəmiryolçular” qarşısında xal itkisinə üzülüblər. “Azərreyl” “Azəryol”la matçdakı kimi gözəl oyun nümayiş etdirərək, “İqtisadçı”ya çətin anlar yaşadıb və onlardan 1 xal da olsa almağı bacarıb.

Görüşə Bülənt Karslıoğlunun yetirmələri uğurla başlayıblar. Onlar hətta ilk texniki fasiləyə 3 top irəlidə yollanıblar. Amma əsasını yığmamızın üzvləri təşkil edən “Azərreyl” rəqibinə ciddi müqavimət göstərərək, hesabı bərabərləşdirib – 17:17, 24:24. Bundan sonra isə onlar öz səhvlərinin qurbanına çevriliblər – 24:26.

İkinci və üçüncü hissədə Aleksnadr Çervyakovun yetirmələri dəqiqliyi ilə fərqlənib. Onlar bunun nəticəsi olaraq, hər 2 seti aktivlərinə yazaraq, görüşdə önə keçiblər – 2:1.

Lakin CEV kubokunda mübarizə aparan “Azərreyl” bunun ardını gətirə bilməyib. IV setdə məğlubiyyətə üzülən komanda tay-brekin sonlarına kimi hesabda irəlidə olsa da, yekunda “İqtisadçı” qələbə qazanıb – 3:2.

*****

Beləliklə, II turdan sonra "Rabitə" vahid liderə çevrilib. "Azərreyl"lə görüşdə 1 xal itirən "İqtisadçı" ikinci yerdə qərarlaşıb. Əzəli rəqibinə uduzan "Azəryol"un "Telekom" və "Azərreyl" kimi aktivində 2 xalı var. "Lokomotiv" isə 1 xalla sonuncudur.

23 noyabr
II tur

“Telekom” - “Lokomotiv” - 3:2 (21:25; 25:11; 19:25; 26:24; 15:13)
“Azərreyl” - “İqtisadçı” - 2:3 (24:26; 25:21; 25:23, 20:25, 14:16)
“Rabitə” – “Azəryol” - 3:1 (29:27, 24:26, 25:18, 25:21)

Rabitə
2
2
0
6-1
178-149
6
İqtisadçı
2
2
0
6-2
186-164
5
Telekom
2
1
1
3-5
163-173
2
Azərreyl
2
0
2
4-6
216-220
2
Azəryol
2
1
1
4-5
201-211
2
Lokomotiv
2
0
2
2-6
154-181
1