“Orada xaos, əsəb gərginliyi var” – MÜSAHİBƏ
25.11.2013 - 12:42
“Orada xaos, əsəb gərginliyi var” – MÜSAHİBƏ
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Omiçka” klubunun şərəfini qoruyan hücumçu Superliqada “Dinamo”nu (Moskva) 3:2 hesabı ilə məğlub etmələrindən (Məmmədova matçda 28 xal toplamışdı - red), Çempionlar Liqasında “Rabitə” ilə görüşdən və Omskdakı həyat tərzindən danışıb.

- Ötən mövsüm Moskva “Dinamo”su ilə beş setdən ibarət 2 oyununuz olmuşdu. Həmin matçlar paytaxt təmsilçisinin qələbəsi ilə başa çatmışdı. Bu dəfə 2 set uduzub, 3-cüyə uğursuz başlayandan sonra qələbə qazanacağınızı gözləyirdinizmi?
- Müəyyən mənada gözləmirdik. Həmin anda həyəcandan qurtulub, rahat oyunumuzu oynadıq. Cəsur çıxış edib, səhv etməkdən qorxmurduq. “Dinamo”da isə həmin vaxt qarşılaşmanı 3:0 hesabı ilə udmaq istəyi vardı.

- “Omiçka”da ötən illə bu mövsümdə hansı dəyişikliklər olub?
- Biz birinci templə daha çox oynayırıq, top qəbulumuz güclənib. Artıq komandamızın oyun taktikasını, baş məşqçimizin bizdən nə istədiyini anlayırıq. Çalışdırıcımızın oyun baxışını dərk edə bildik və bu baxımdan heyətdə qalan voleybolçulara çıxış etmək daha asandır.

- Cari mövsüm “Omiçka” Çempionlar Liqasında necə çıxış edir? Bu sizin hazırlıq planınıza təsir edirmi?
- Yox. Biz həmişəki kimi hazırlaşırıq. Əsas oyunçuların bir-birini başa düşməsi idi.

- Komanda indi Çempionlar Liqasında “Beziers” ilə oynamaq üçün Fransaya yollanacaq. “Dinamo” üzərində qələbə avrokubok oyunu öncəsi sizə nə dərəcədə təsir edəcək?
- Şübhəsiz ki, bunun təsiri müsbətdir. Bizə bu qələbə vacib idi. Xüsusilə də, Moskva “Dinamo”su ilə görüşdə. Biz Fransaya yüksəlişdə yollanacağıq. Düşünürəm ki, qalib gələ biləcəyik.

- Çempionlar Liqasındakı qrupunuz barədə fikirləriniz maraqlıdır...
- Fikrimcə, yaxşı qrupda yer almışıq. Azərbaycan “Rabitə”si güclü komandadır, lakin onlarla oynamaq və qalib gəlmək olar. Biz səfərdə Bakı təmsilçisi ilə mübarizə apardıq. Amma qələbəni tay-brekdə verdik. Düşünürəm ki, burada hakim və öz səhvlərimiz həlledici oldu. Almaniya “Dresdner”i ilə Fransa “Beziers”si nisbətən zəif, o qədər hündürboy olmayan komandalardır. Baxmayaraq ki, onlar müdafiədə yaxşı çıxış edir, sürətli voleybol nümayiş etdirirlər. Bütün rəqiblərə köklənmək lazımdır.

- Ötən mövsüm tarixinizdə ilk dəfə Rusiya çempionatının bürünc medalını qazandız. Bu il daha yüksəyə qalxmağa ümid edirsizmi?
- Biz buna çalışacağıq. Komandamız qızıl üçün döyüşür. Qarşımıza Çempionlar Liqası və Rusiya çempionatının finalına yüksəlmək vəzifəsi qoyulub. Amma əlbəttə ki, mərhələ-mərhələ irəliləməliyik. İlk növbədə Çempionlar Liqasının qrupunda çıxmaq lazımdır. Sonra baxarıq, kimlə düşəcəyik.

- Artıq ikinci ildir Omskdasız. Şəhərə uyğunlaşıb, öyrəşə bilmisizmi? Çoxları paytaxtda oynamağa üstünlük verir...
- Məni burada hər şey qane edir. Mənə yaxşı münasibət bəsləyirlər, həm də böyük iddiaları olan güclü komandamız var. Başqa nəsə axtarmağa ehtiyac yoxdur. Moskvadan o qədər də xoşum gəlmir. Çünki orada daim tıxaclar, xaos, qarışıqlıq və əsəb gərginliyi var.