“Telekom”dan rekord, “Azəryol”dan antirekord
25.11.2013 - 17:20
“Telekom”dan rekord, “Azəryol”dan antirekord
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən III turun “Azəryol” - “Telekom” qarşılaşmasının 2-ci seti mövsümün mütləq göstəricisi ilə əlamətdar olub.

Vasif Talıbovun yetirmələri adlı-sanlı rəqibini 25:10 hesabı ilə məğlub edərək, setlər üzrə ən böyük fərqə nail olub. 15 xal üstünlüyü əldə edən “Telekom” özünün 2-ci turun “Lokomotiv”lə oyunundakı rekordunu yeniləyib. Həmin qarşılaşmanın setlərinin birində komanda 25:11 hesabı ilə qalib gəlmişdi.

Seti 15 xal fərqi ilə uduzan “Azəryol” isə mövsümün antirekordçusu ünvanını “Lokomotiv”dən “təhvil alıb”.