“Ən böyük problem bizim qızların başında idi” - MÜSAHİBƏ
23.12.2013 - 12:29
“Ən böyük problem bizim qızların başında idi” - MÜSAHİBƏ
“Omiçka”nın voleybolçusu Yelena Yuryeva Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin kapitanı “Rabitə” ilə Çempionlar Liqasının son matçından danışıb. Lakin Yuryeva Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədovanın son görüşlərdə zəif çıxışı ilə bağlı sualdan yayınıb.

- “Rabitə” ilə görüşdə oyununuzu göstərmək üçün niyə 1,5 set lazım oldu?
- Əgər səbəbini bilsəydim... Əslində, bu səbəb həyəcanla bağlıdır. 100 faiz deyə bilərəm ki, ən böyük problem bizim qızların başında idi. Birincisi, arenaya rekord sayda – 4500 tamaşaçı gəlmişdi. Bütün tribunalar dolu idi. Düşünürəm ki, həddən artıq gərginlik vardı. Bu da doğma azarkeşlər qarşısında belə güclü rəqiblə qarşılaşmağımızla bağlıdır. Təbii ki, yaxşı oyun göstərmək istəyirdik. Lakin bir az özümüzü “yandırdıq”. Yaxşı ki, bu vəziyyətdən çıxıb, 2 setdə qalib gələ bildik, tay-brekdə isə bəxtimiz gətirmədi. 2:3 hesablı məğlubiyyəti psixoloji amillə bağlayıram.

- Artıq ikinci dəfə komandanızın əl yükünün itməsinin də psixoloji təsiri oldumu?
- Başqa geyimlə oynadığımız üçün uduzduğumuzu söyləmək axmaqlıq olardı. İstənilən geyimdə mübarizə aparmaq mümkündür. Bunun bizim üçün fərqi yoxdur. Aydındır ki, öyrəşdiyimiz krosovkalarla oynamaq istərdik. Hərənin 2-3 cüt belə ayaqqabısı var. Bəlkə də başqa geyimdə oynadığımızdan bir az narahatçılıq vardı. Amma bunun ciddi təsiri olduğunu demək güzgün deyil.

- Son vaxtlar komandanın lideri Natalya Məmmədova yaxşı formada deyil. Bu nə ilə bağlıdır?
- Komandamızın oyunçularının çıxışını müzakirə etmək mənim səlahiyyətimdə deyil. Kimin hansı formada olduğunu məşqçilər, mütəxəssislər, ilk növbədə Zoran Terziç deməlidir. Mən isə onu deyə bilərəm ki, zədə və bu kimi ciddi problemlər yoxdur.

- “Rabitə”yə V setdə uduzmağınızın səbəbi nə idi? 2 hissədə qalib gəldikdən sonra arxayınlaşmışdızmı?
- Hamı əmin idi ki, tay-brekdə də qalib gələcəyik. Voleybolda belə bir statistika var ki, 0:2-dən sonra hesabı bərabərləşdirən komanda adətən tay-brekdə də qalib gəlir. Bu faiz nisbəti ilə də görünür. Biz isə faizi az olan həmin hissəyə düşdük. Özüm də necə uduzduğumuzu bilmədim. Qarşılaşmadan sonra soyunub-geyinmə otağında qızlarımızdan soruşdum ki, “Biz beşinci seti necə uduzduq?”. Həmin hissə çox tez başa çatdı. Düzünü desəm, özüm də heç nə anlamadım. Bir-birinin ardınca axmaq səhvlər edirdik, sonra isə rəqibə çata bilmədik. Aydın məsələdir ki, azarkeşlərimiz önündə uduzmaq istəmirdik. Lakin arzumuz reallaşmadı. Bütün bunları təhlil etməliyik.