“Azərbaycanda hakimliyin hansı səviyyədə olacağını bilirdik” - MÜSAHİBƏ
04.06.2014 - 23:00
“Azərbaycanda hakimliyin hansı səviyyədə olacağını bilirdik” - MÜSAHİBƏ

Bolqarıstan millisinin voleybolçusu Dobriana Rabadjiyeva vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2 il “Rabitə”nin şərəfini qoruyan hücumçu komandasının Avro-2015-dəki çıxışını şərh edib. O, D qrupunda Azərbaycan yığması ilə eyni qrupda yer alan və Bakıda keçirilən II təsnifat mərhələsinin II dövrəsindən sonra komandamızı üstələyərək, birbaşa finala yüksəlmələrinin səbəbini açıqlayan voleybolçu paytaxtımızdakı hakimlikdən də şikayətlənib.

 

- Avro-2015-in II təsnifat mərhələsinin Sofiyada keçirilən ilk dövrəsində Azərbaycana məğlub olduz. Bundan sonra həmin komanda ilə oyun üçün bu ölkəyə hansı əhval-ruhiyyədə yollanmışdız?

- Biz oraya yalnız qələbə ardınca getmişdik. Bilirdik ki, bu komanda ilə bacara biləcəyik. İstənilən halda, məğlubiyyət bizə sərf etmirdi. Əksinə, qələbə qazanmaqla yaxşı komanda olduğumuzu və növbəti mərhələyə bizim layiq olduğumuzu göstərmək istəyirdik. Qalib gəldik, bu, elə də çətin alınmadı. Ancaq Bakıdakı oyun öncəsi ilk dövrədəki məğlubiyyətimizi analiz edib, səhvlərimizi görmüşdük. Bakıda hakimlərlə daha çətin olacağını bilirdik.

 

- Ev sahiblərinə hakimlər çox kömək etdilər?

- (gülür). Azərbaycanda çoxlu voleybolçular oynayıb və orada hakimliyin hansı səviyyədə olacağını bilirdik. Həmişə yerli komandanın qarşılaşmasında mübahisəli məqamlar olub. Mən “Qalatasaray”la Azərbaycana gedəndə (Çempionlar Liqasının “Azəryol”la oyununu nəzərdə tutur – red.) meydan sahibinin xeyrinə kifayət qədər şübhəli qərarlar çıxarılmışdı. Bu ölkədə 2 il forma geyindiyimdən isə rəqibin bizə qarşı necə oynayacağını və hansı mövqedə onları üstələmək imkanına malik olduğumuzu da bilirdim. Baş məşqçi də Azərbaycan millisinin voleybolçularını tanıyırdı. Natalya Məmmədova ilə də bir klubda oynamışam və onun nə dərəcədə komandaya kömək etdiyi barədə də məlumatlı idim.

 

- Demək olarmı ki, birbaşa Avropa çempionatının finalına yüksəlməklə, dünya çempionatı öncəsi yaxşı istirahət etmək imkanı əldə etdiz?

- Əlbəttə, biz şadıq ki, çoxlu boş günlərimiz olacaq. Hər 2 yarışın final mərhələsinə yüksəlməyimiz komandamızın gücündən xəbər verir. İldən-ilə güclənirik ki, bu da üstünlüyümüzdür və bunun nəticəsində də gələn il pley-offda oynamayacağıq. Azərbaycan üzərində kifayət qədər inamlı qələbə qazanmaqla, sübut etdik ki, biz yaxşı komandayıq.

 

- Bu, mundial öncəsi sizdə əminlik yaradırmı?

- Tamamilə! Hər oyunda qələbə özünəinam baxımından çox vacibdir. Bununla bizdə necə cəsarətli oyunçular olduğunu da dünyaya göstərdik. Fikrimcə, yığmamız ötən vaxt ərzində çox artırıb. Çünki ötən yay biz voleybolda irəliyə doğru böyük yol qət etdik. Ümid edirəm ki, bu yay ötən ilkindən də yaxşı çıxış edəcəyik.

 

- Yeni baş məşqçi Vladimir Kuzyutkinin komandanın belə oyunu üçün sizə köməyi nə dərəcədə dəyir?

- Təəssüf ki, Kuzyutkinin komanda ilə işləmək üçün kifayət qədər vaxtı olmadı. O, daha çox texniki planda bizlə işlədi. Ancaq artıq bizim istirahət üçün kifayət qədər vaxtımız var, ehtiyat güc yığıb və millinin matçlarında bunu “xərcləməliyik”. 

0