“Azərreyl” yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “dəmiryolçular” bu gün Bursaya yollanıb.
Vüqar Əliyevin rəhbərlik edəcəyi komanda burada beynəlxalq turnirə də qatılacaq. “Azərreyl” Çingiz Göllünün şərəfinə təşkil olunacaq yarışda qüvvəsini sınayacaq. Turnirdə Bakı təmsilçisi ilə yanaşı, ev sahibi “Bursa BB”, Bolqarıstanın “Maritsa” və Serbiyanın “Vizura” klubları iştirak edəcəklər.
Oktyabrın 11-də start götürəcək birinciliyin artıq püşkü də atılıb. “Azərreyl” “Vizura” ilə (Bakı vaxtı ilə saat 18:00), “Bursa BB” “Maritsa” ilə üz-üzə gələcək. Cütlərin qalibi birbaşa finala yüksələcəyi halda, məğlublar üçüncülük uğrunda oynayacaqlar. Həlledici görüşlər oktyabrın 12-nə təsadüf edəcək.