“Çalışacağıq ki, ən azından 4-cü pilləni qaytarıb, pley-offa yüksələk” - MÜSAHİBƏ
17.03.2014 - 14:02
“Çalışacağıq ki, ən azından 4-cü pilləni qaytarıb, pley-offa yüksələk” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Azərreyl”in voleybolçusu Ayşən Abduləzimovanın apasport.az saytına müsahibəsi

 

- Bakıda keçirilən “Dördlər finalı” barədə təəssüratlarınız necədir?

- Paytaxtımıza Avropanın 4 ən güclü komandasının toplanması sevindiricidir. Azarkeşlər ulduz voleybolçuların ifasında əla oyun izlədilər. Mən də bu səbəbdən bütün qarşılaşmalara diqqətlə baxdım. Çünki hələ öyrənirəm və Bakıya gələn klublarda da məşhur voleybolçulardan nəsə götürməyə çalışdım. Fikrimcə, “Dinamo” güclü idi və bunun nəticəsində də çempion adına yiyələndi. “Rabitə”nin üçüncü olması da ölkəmiz adına böyük uğurdur.

 

- “Rabitə” 2 fərqli oyun nümayiş etdirdi. İlk matçda zəif çıxış etdisə, ikinci qarşılaşmada güclü oyunu ilə diqqət çəkdi. Bunun səbəbini nə ilə izah etmək olar?

- Bu, hər bir komandada ola bilər. Çünki onların üzərilərində təzyiq vardı. Yerli auditoriya qarşısında oynayırdılar. Belə qarşılaşmalar həmişə çətin olur. Bu səbəbdən də Kazan təmsilçisi önündə toparlana bilmədirlər. Amma üçüncü yer uğrunda görüşdə “Əczaçıbaşı”ya qarşı çox yaxşı çıxış edərək, ölkəmizə bürünc medal qazandılar. 54 klub arasında 3-cü yer gözəl nəticədir.

 

- İtaliyada keçirilək dünya çempionatının final mərhələsində millimiz Yaponiya, Çin, Belçika və 2 Şimali Amerika təmsilçisi ilə qarşılaşacaq. Əsas heyətin oyunçusu kimi qrupumuzu necə dəyərləndirərdiz?

- Çox güclü qrupdur. Hələ digər 2 rəqibimiz də bilinmir. Azərbaycan millisi hazırda çox güclüdür. Əsas məqsədimiz bütün oyunlarda inamla mübarizə aparıb, layiqli yer tutmaq olacaq. İnanıram ki, yarışın startına kimi səylə hazırlaşıb, səfərə əla formada yollanacağıq və öncə qrupdan çıxmağa çalışacağıq. Ardınca da bacardıqca irəli gedəcəyik.

 

- “Azərreyl” avrokubokda mübarizəni dayandırdığından əsas diqqəti Super Liqaya yönəldib. Burada da hesabat turunda 5-ci yerə endiz. Qarşınıza neçənci yeri tutmaq hədəfi qoymusuz?

- CEV kubokunun 1/4 finalında uduzduğumuz Rusiya “Uraloçka”sı hazırda finala kimi irəliləyib. Bu onların gücündən xəbər verir. Super Liqaya gəlincə, məqsədimiz daha yuxarı pillələrdə qərarlaşmaqdır. Çalışacağıq ki, ən azından 4-cü pilləni qaytarıb, pley-offa yüksələk.

 

- Növbəti – XIII turda məhz 4 yer üçün “savaşdığınız” “Lokomotiv”lə qarşılaşacaqsız. Xal fərqiniz 2 olduğundan, onları keçmək üçün 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməlisiz. Bunu bacaracağınıza inanırsızmı?

- Çətin oyun olacaq. Amma qalib gəlməliyik. Artıq hamımız bu oyuna köklənib, yalnız qələbə barədə düşünürük. İnşallah, növbəti turdan sonra yerimizi qaytararıq.  

0