Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 qələbəyədək davam edəcək həlledici oyunlarda ilk olaraq meydana bürünc medala iddiaçılar – “Azəryol”la “Azərreyl” çıxacaq.
Ceyson Haldanın yetirmələri cütün aşkar favoritidi. Onların pley-offda məğlub olduğu “Lokomotiv”in qisasını “kiçik bacıları”ndan alacaqları istisna olunmur. Çünki əks halda mövsüm “Azəryol” üçün uğursuz hesab olunacaq.
“Azərreyl” isə IV dövrədə qazandığı yeganə qələbəsini təkrarlamaq arzusundadı. Onlar eyni uğura bu dəfə də imza atsalar, ikinci görüşdə “Azəryol” işi asan olmayacaq.
Bu matçın ardınca çempionluq uğrunda qarşılaşmaya start veriləcək. Həmin görüşdə son illərin dəyişməz çempionu “Rabitə” “Lokomotiv”i sınağa çəkəcək. Zoran Qayiçin yetirmələrinin asan qələbə qazanacaqları proqnozlaşdırılır. Çünki ilk dövrə istisna olmaqla, digər görüşlərdə “dəmiryolçular”a xal belə verməyən “Rabitə” rəqibi ilə müqayisədə daha güclü təsir bağışlayır. Serbiyalı mütəxəssisin gəlişindən sonra çempionatda uduzmayan komanda titulunu qorumağı hədəflədiyindən “Lokomotiv”in çətin anlar yaşayacağı gözlənilir.
Düzdü, sürpriz nəticəsində finala vəsiqə qazanan Bülənt Karslıoğlunun yetirmələrinin də şansları az deyil. Lakin “Rabitə”dən fərqli, pley-offda bir oyun çox keçirən və yorğun olan “dəmiryolçular”ın titula yiyələnməsi o qədər inandırıcı deyil.
Üçüncü yer uğrunda
16:00. “Azəryol” – “Azərreyl”
Voleybol Mərkəzi
I dövrə: “Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)
II dövrə: “Azərreyl” – “Azəryol” - 0:3 (20:25; 16:25; 15:25)
III dövrə: “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 25:22, 25:20)
IV dövrə: “Azərreyl” – “Azəryol” - 3:2 (23:25; 25:17; 25:21; 21:25; 15:13)
Final, ilk oyun
18:00. “Rabitə” - “Lokomotiv”
Voleybol Mərkəzi
I dövrə: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)
II dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)
III dövrə: “Lokomotiv” – “Rabitə” - 0:3 (25:27; 16:25; 17:25)
IV dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (22:25, 25:19, 25:23, 26:24)