[b]“Bu, məni qətiyyən qorxutmur” - Yelizaveta Səmədova[/b]
26.10.2016 - 18:03
[b]“Bu, məni qətiyyən qorxutmur” - Yelizaveta Səmədova[/b]

“Telekom”un voleybolçusu Yelizaveta Səmədovanın apasport.az saytına müsahibəsi

 

- Super Liqanın başlamasına sayılı günlər qalır. Komandanız yeni mövsümə nə dərəcədə hazırdı?

- Komandamız tam rejimdə hazırlığı davam etdirir. Artıq 2 aydı təlim-məşq toplanışındayıq. Bu müddətdə Türkiyədə turnirdə iştirak etdik. Həmçinin yoxlama matçları keçirdik, Serbiyada yerli “Vizura” ilə birgə məşqlərə qatıldıq. Yeni mövsümə tam hazırıq.  

 

- Super Liqanın gümüş medalını qazandığınız ötən mövsümlə müqayisədə heyətinizdə bir sıra dəyişikliklər olub. Komandanıza yeni qoşulan voleybolçuların da adaptasiya dövrünü arxada qoyduğunu demək olarmı?

- Əksər oyunçularımız ötən mövsümdən heyətimizdədi. Amma düzdü, yenilər də var. Yaxşı, dostcanlı və mehriban komanda formalaşıb. Yeni oyunçular kollektivə dərhal uyğunlaşdılar.

 

- Komandanın kapitanı Ana Priyevanı (Kleger) gedişindən sonra yeni mövsümdə sarğını siz daşıyacaqsız. Bu cür məsuliyyət 21 yaşlı kapitanı qorxutmur?

- Xeyr, qətiyyən qorxutmur. Öz işimi bacardığım qədər görəcəm.

Kapitan olmağımı məşqçimiz istəyib. Əgər o, bu məsuliyyəti mənə həvalə edibsə, deməli, bunun öhdəsindən gələcəyimi düşünür.

 

- Yeni mövsümdə “Telekom”un hədəfi nə olacaq?

- Qarşımıza ən yüksək məqsədlər qoymuşuq. Konkret olaraq, Çempionlar Liqasında qrupdan çıxmaq niyyətindəyik. Azərbaycan çempionatında isə təbii ki, qızıl medalları qazanmağa köklənəcəyik.

 

- Sizcə, Super Liqada çempionluq yolunda əsas rəqibiniz kim olacaq? Yaxud qızıl medallar uğrunda mübarizə hansı komandalar arasında gedəcək?

- Uzun müddətdi ki, bu mübarizə 2 komanda arasında gedir. Bunlardan biri “Telekom”, yəni sabiq “Rabitə”, digəri isə “Azərreyl”di. Fikrimcə, bu il də əsas mübarizə bizlə “dəmiryolçular” arasında gedəcək.

 

- Çempionlar Liqasındakı rəqiblərinizi necə dəyərləndirərdiz?

- Dediyim kimi, məqsəd qrupdan çıxmaqdı. Bütün rəqiblərimiz yaxşı komandalardı və sonadək mübarizə aparacağıq.

0