[b]“Limit məsələsi bizə problem yaratdı” – Ziya Rəcəbov[/b]
22.04.2018 - 17:51
[b]“Limit məsələsi bizə problem yaratdı” – Ziya Rəcəbov[/b]

“Öz səhvlərimizdən uduzduq. Rəqibin ucaboy oyunçularının yaxşı blokları oldu. Biz də blokda zəif deyildik. Limit məsələsi də bizə problem yaratdı. 3-4 gün idi ki, bəzi voleybolçularımızın səhhətində nasazlıq vardı. Bu da fiziki hazırlığa təsir göstərdi. Topun qəbulunda da çoxlu səhvlərə yol verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sərhədçi”nin baş məşqçisi Ziya Rəcəbov deyib.

 

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final mərhələsində “Lokomotiv”lə qarşılaşan komanda iki oyunda da məğlub olaraq çempionluğu əldən verib.

 

Matçdan sonra federasiyanın feysbuk səhifəsinə açıqlama verən Rəcəbov fikirlərini bölüşüb: “Bizdə həmişə libero problemi olub. Son anda Purya Yazdanpənah bu funksiyanı yerinə yetirdi. “Sərhədçi” sıfırdan qurulan komandadır. Cəmi 2 aydı birgə məşq edirik. Legionerlər isə yeni gəlib. Anlaşma problemi var idi. Final həyəcanı tam başqadır və unudulmaz hisslərdir. Mən əlimdən gələni etdim ki, oyunu 5-ci setə daşıyaq. Tay-brek bizim ola bilərdi. “Lokomotiv”i təbrik edirəm. Növbəti mövsüm hamıya uğurlar arzulayıram.

 

Buradan Azərbaycan Voleybol Federasiyasının prezidenti Caviq Qurbanova və qurumun 1-ci vitse-prezidenti Faiq Qarayevə təşəkkürümü bildirirəm ki, bizim son anda ölkə çempionatına qoşulmağımıza icazə verdilər. Hamısını öpürəm, bağrıma basıram ki, bizə belə voleybol bayramı yaşatdılar.

 

Bu gün belə güclü dəstək olacağını gözləyirdik. Finalın ilk oyunundan sonra rəhbərliklə görüşümüz oldu. Rəhbərlik bizə həddən artıq dəstək göstərdi. “Neftçi”dən çıxandan sonra mən və bir neçə voleybolçu klubsuz qalmışdıq. “Sərhədçi” İdman Klubunun rəhbərliyi bizə qucaq açdı, bizə şərait yaratdılar, bu kompleksi ixtiyarımıza verdilər. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə minnətdaram.

 

Heyətimizdə çox ciddi dəyişikliklər olacaq. Yəqin ki, “Lokomotiv” CEV kubokunda mübarizə aparsa, biz də “Çağırış” kubokunda çıxış edərik”.